Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzində 8 elmi-tədqiqat İnstitutunun və onların tabeliyində olan yardımçı təsərrüfat rəhbərlərinin iştirakı ilə müşavirə keçirilib.
Bu barədə "Kommersant.Az"a Nazirliyin mətbuat xidmətindən məlumat verilib.
Müşavirəni giriş sözü ilə açan mərkəzin baş direktoru Ələddin Eyvazov bildirib ki, bugün qarşıda duran ən ümdə məsələ "Kənd təsərrüfatı məhsullarının istehsalı və emalına dair Strateji Yol Xəritəsi"ndə nəzərdə tutulmuş hədəflərə nail olmaqdır. Belə ki, Elmi-tədqiqat İnstitutları öz fəaliyyətlərini günün tələblərinə - aqrar sahənin dinamik inkişafına, innovasiyaların tətbiqinə yönəltməlidir. Kənd təsərrüfatının intensiv inkişafı, özəl təsərrüfatların elmi müəssisələrlə əlaqələrinin genişləndirilməsi və elmi potensiallı yerli mütəxəssislərin bilik və təcrübələrindən geniş istifadə müasir dövrün tələbləridir.
"Biz hər bir institutun öz fəaliyyət konsepsiyasını hazırlamalı, institusional islahatlar aparmalı, tədqiqat, dəstək və aqrotreninqlərdən geniş istifadə etməliyik. Həmçinin, prioritetlərin müəyyənləşdirilməsi üçün əvvəlcə metodologiya işləyib hazırlamalı və bu sahədə beynəlxalq təcrübədən yararlanmalıyıq. Bu bizim əsas fəaliyyət prinsiplərimizdir",-deyə baş direktor müşavirədə vurğulayıb.
Ə.Eyvazov qeyd edib ki, bu gün dünyada qlobal və regional çağırışlar ətrafında ən müasir seleksiya metodlarından, biotexnoloji molekulyar genetikadan istifadə, virussuz toxumların yetişdirilməsi, iqlim dəyişiklikləri ilə bağlı adaptasiya planlarının hazırlanması dövrümüzün aktual məsələlərindən biridir.
Ə.Eyvazov onu da vurğulayıb ki, ölkədə bir sıra sahələrin, o cümlədən pambıqçılığın, üzümçülüyün, şərabçılığın və digər aqrar sahələrin inkişafı ilə bağlı dövlət proqramları təsdiq olunub. Bu dövlət proqramları həmin sahələrdə çalışan alim və mütəxəssislərimiz üçün istinad nöqtəsi olmalıdır.
Sonda hər bir institutun fəaliyyəti barədə hesabatı dinlənilib və qarşıya qoyulan hədəflərə çatmaq üçün geniş fikir mübadiləsi aparılıb.