USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Avropanın məşhur şirkətləri İranı tərk edir – Sanksiya qorxusu

17.05.2018 İqtisadiyyat
0 0
Danimarkanın “Maersk Tankers” naviqasiya şirkəti ABŞ sanksiyalarının bərpası ilə əlaqədar İrana yük gəmilərinin göndərilməsini dayandırıb və qüvvədə olan bütün müqavilələri 4 noyabradək ləğv edəcək. Danimarkanın digər naviqasiya şirkəti “Torm” isə payızadək gözləmədən İrandakı bütün biznesini indidən bağlayıb.

Vaşinqtonun Tehranla nüvə sazişindən birtərəfli qaydada çıxmasından sonra ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Con Boltonun "İrana qarşı tətbiq etdiyimiz sanksiyalar rejimini pozan Avropa şirkətlərinə münasibətdə əlavə məhdudlaşdırıcı tədbirlər və cərimələr irəli sürülə bilər" deməsi Avropa şirkətlərinin artıq İranı tərk etməsinə səbəb olub.

AFP-nin məlumatına görə, uzun illərdir ki, neft və qaz istehsalı üçün Tehranı texniki avadanlıqla təchiz edən, iqtisadiyyatın bir çox sahələrində fəaliyyət göstərən nəhəng Avropa şirkəti "Siemens" də İranlı müştərilərindən yeni sifarişlər götürməyəcək. Bu barədə "Siemens" şirkətinin baş direktoru Co Kezer CNN-ə müsahibəsində deyib.

Fransanın neft-qaz nəhəngi "Total" da İranla əməkdaşlığı dayandırır. "Şirkət "Cənubi Pars" layihəsində iştirakını davam etdirə bilməyəcək.

"ABŞ sanksiyaları səbəbindən layihə ilə bağlı bütün əməliyyatlar 2018-ci il noyabrın 4-dək dayandırılacaq" – deyə "Total"ın bəyanatında bildirilib.

Qeyd edək ki, "Total" "Cənubi Pars" layihəsinə artıq 50 milyon dollar sərmayə yatırıb. Layihənin ümumi dəyəri isə 2 milyard dollardır. Qərb mətbuatı yazır ki, Vaşinqtonun sanksiyalarından, xüsusən də ABŞ maliyyə sistemindən uzaqlaşdırılmaq Avropanın iri şirkətləri üçün indi ziyana düşəcəkləri milyardlarla dollardan daha təhlükəlidir. Çünki, məsələn, "Total"ın maliyyə əməliyyatlarının 90 faizindən çoxunu ABŞ bankları ilə aparır.

Çinin CNPC dövlət şirkəti isə artıq bəyan edib ki, "Cənubi Pars" layihəsində "Total"ın malik olduğu 50,1 faiz səhmlərin hamısını almaq niyyətindədir. Qərb mətbuatında bütün bunlar biznesmenlərin avropalı siyasətçilərə güvənməməsi ilə izah edilib.

Xatırladaq ki, İranla nüvə sazişindən çıxdıqdan sonra ABŞ-ın Maliyyə Nazirliyi iki mərhələdə: avqustun 6-sı və noyabrın 4-də Tehrana qarşı enerji, maliyyə və iqtisadi sanksiyaları rəsmən bərpa edəcəklərini açıqlayıb. Mayın 15-də Brüsseldə toplaşan Avropa ölkələri isə İrana zəmanət veriblər ki, ABŞ sanksiyalarına baxmayaraq, nüvə razılaşmasında qalan Tehranın iqtisadi zərərlə üzləşməməsi üçün tədbirlər görəcəklər.