USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Neft qalxdı: Bakının əlavə qazancı nə qədərdir? – Şərh

18.05.2018 İqtisadiyyat
0 0
Əgər il ərzində neftin qiyməti 70 dollardan aşağı düşməzsə, Azərbaycan 2,5 milyard dollardan yuxarı əlavə gəlir əldə edəcək. Yəni ötən il neftdən 6,3 milyard olan mənfəətimiz 8,5-9 milyard dollar səviyyəsinə qədər yüksələ bilər.

"Kommersant.Az" xəbər veriri ki, bu sözləri Axar.az-a açıqlamasında Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban dünya bazarında neft qiymətlərinin durmadan artmasına münasibət bildirərkən deyib. O bildirib ki, hazırda neftin qiymət artımının amplitudası çox yüksəkdir:

"Dünən günün əvvəlində qiymət 77 dollar idisə, gün sonunda bu rəqəm artıq 79 dollar oldu. Yəni hazırda birjalara təsir edən amillər həddən artıq çoxdur. Gün ərzində yayılan dəyişkən (siyasi, iqtisadi) informasiyalar öz təsirini dünya bazarındakı neft qiymətlərində göstərir. Bu kimi informasiyalar nəticəsində birjalarda neftin qiymətinin kəskin aşağı düşməsi və bahalaşması müşahidə olunur. Qiymətlərin qeyri-stabilliyinin nə vaxta qədər davam edəcəyini proqnozlaşmdırmaq çox çətindir. Hələ ki, həm geopolitik məkanda, həm də tələb və təklif arasında təzadlı məqamlar çoxdur. Amma iyun ayında ümumiyyətlə, neft bazarında bir sıra ziddiyyətli məqamlar baş verə bilər. Bu da mövsümi xarakter daşıyan neftayırma zavodlarının böyük əksəriyyətinin həmin vaxt təmirə bağlanması ilə bağlı olacaq. Bununla əlaqədar həmin şirkətlər kifayət qədər tədarük görmək istəyirlər. Bu tədarük isə o deməkdir ki, onlar daha çox neft alır və ehtiyatlarını artırırlar. Bununla həmin nefti özlərində onu emal edərək anbarlarda neft məhsulları ehtiyatı yaratmağı hədəfləyirlər. Belə olan halda həmin ölkələr öz alıcıları qarşısında sifarişləri həyata keçirə bilirlər".

Ekspert qeyd edib ki, hazırda bazarda olan qiymətin real tələb, yoxsa bazarda ona olan təklif olması bilinmir:

"Bundan əlavə, neftayırma zavodlarının təmirə bağlanma vaxtı da hər yerdə eyni olmur. Həmin zavodların özləri üçün rezerv aldığı neftin miqdarının fərqli olması da bazarda ajiotaj yaradır. Ona görə də hazırda bazarda tələbin daha çox olmasına görə qiymət artır".

Ekspert vurğulayıb ki, iyun ayında isə neftə olan təlabatın azalması və qiymətin aşağı düşməsi prosesi gözlənilir:

"Bu, hardasa 20-30 gün ərzində müşahidə olunmalıdır. Ancaq ondan sonra klimatik proseslər bazardakı qiymətlərə təsir edəcək. Əgər normadan isti yay mövsümü yaşayarıqsa, enerjiyə tələbat da artacaq. Proqnozlara görə isə bu il qış sərt keçdiyi üçün yay da isti keçəcək. Bu baş verərsə, əsasən, Körfəz ölkələri enerjini daha çox istifadə edir və ixraca olan nefti azaldırlar. Bunun həcmi kifayət qədər böyük olur. Onda bazarda onlardan neft alan ölkələr qıtlıq çəkir və gözlənilən, proqnoz edilən tələbat neftin qiymətinin artımına gətirib çıxarır. Bu kimi hallar neftin qiymətinin proqnozlaşdırılmasını çətinləşdirir".

Ekspert neftin qiymətinin 100 dolları ötəcəyi ilə bağlı söyləntilərə də münasibət bildirib:

"Bunun üçün neft bazarında kifayət qədər ciddi hadisələr baş verməlidir. Hazırda neftin qiymətinin 79 dollar ətrafında cərəyan etməsi onun real qiyməti deyil. Yəni bu, siyasi faktorlardan qaynaqlanan qiymətdir. Neft kifayət qədər geosiyasi risklər nəzərə alınmaqla bu qiymətə gəlib çıxıb. Neftin real bazar qiyməti 65 dollardan bir qədər yuxarıdır. Neftin qiymətinin 100 dollara çatması üçün gərək neft hasil edən ölkələr arasında hərbi toqquşmalar olsun. Digər tərəfdən, neftin böyük həcmlərinin daşındığı nəqliyyat dəhlizləri üzərində də hərbi çaxnaşmalar olarsa, onda bu risklər nəzərə alınıb neftin qiyməti belə bir həddə çata bilər. Əks təqdirdə hazırda neftin qiymətinin 100 dolları keçməsinə hər hansı səbəb yoxdur".

Ekspert vurğulayıb ki, neftin qiymətinin artımı Azərbaycanın valyuta gəlirlərini artırır.

Qeyd edək ki, dünya birjalarında "Brent" markalı neftin 1 barrelinin dəyəri hazırda 79,82 dollar təşkil edir.