Böyük Britaniyada vətəndaş lotereyada milyonçu olub, amma pulu xərcləməyi bacarmayıb. Daha doğrusu, pulun hamısını xərcləyib.
"Kommersant.az" "The Sun" qəzetinə istinadən xəbər verir ki, Maykl Kerroll hələ 2002-ci ildə lotereyada 9,7 milyon funt sterlinq (təxminən 12,4 milyon dollar) qazanıb. Onda 19 yaşı olan bəxtəvər sevincdən ağlını itirib. Maykl gündə 10 min dollar xərcləməsi ilə öyünürmüş. 2012-ci ildə artıq həmin milyonlardan heç nə qalmayıb. İş orasındadır ki, Kerroll daşınmaz əmlaka 1 funt sterlinq belə yatırım etməyib, uduşun hamısını əyləncəyə xərcləyib. Maykl indi acınacaqlı durumdadır: "Nə evim var, nə də maşınım. On ilə bütün pulu dağıtdım. Amma çox peşman deyiləm. Asan qazanılmışdı, asan da getdi".
Keçmiş milyonçu indi Şotlandiyada yaşayır və gündə 12 saat işləyir: "50 kiloqramlıq kömür kisələri daşıyıram".
Maykl hər gün səhər saat 6-da işə başlayır. Gün ərzində 150 kisə kömür daşımağa qüvvəsi çatır. "Hərdən bir neçə funt çaypulu verirlər. Əlbəttə, gülməlidir" – Kerroll belə deyir.