14-15 fevral 2019-cu il tarixlərində Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Sosial İqtisadi İnkişaf (Economic Social Development – ESD) təşkilatı ilə birgə “Davamlı İnkişafın Sosial-iqtisadi Problemləri” mövzusunda beynəlxalq elmi konfrans keçirəcək.
"Kommersant.az" xəbər verir ki, Bakının Park Inn otelində 14 fevral tarixində saat 9:00-da start götürəcək konfrans ESD təşkilatı tərəfindən keçirilən 37-ci konfransdır və əvvəllər Roma, Paris, Madrid, Varşava və Moskva kimi şəhərlərdə təşkil olunub. Qeyd edək ki, ESD beynəlxalq Academic Conference Excellence (ACE) qurumu tərəfindən keyfiyyət nişanı almış təşkilatdır.
Beynəlxalq tədbirdə Vergilər Nazirliyinin və Mərkəzi Bankın nümayəndələri, eləcə də, "London`s Global University" (İngiltərə), "University of Siegen" (Almaniya) də daxil olmaqla 20 ölkənin ali təhsil müəssisələrinin alimləri iştirak edəcəklər.
UNEC-in təşkilatçılığı ilə Azərbaycanda keçiriləcək konfransda dünyanın 20-dən çox ölkəsinin tədqiqatçıları ilə birgə müzakirələr aparılacaq və qlobal çağırışlar təhlil ediləcək. Konfransa 240-dan çox elmi məqalə təqdim olunub. Konfransa qəbul olunan məqalələr "Web of Science"da və "EconLit"də dərc olunacaq.