USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“BP-Azerbaijan” bu tarixdə ictimai dinləmələr keçirəcək

28.02.2019 İqtisadiyyat
0 0
"BP-Azerbaijan” şirkəti mart ayının 5-də Xəzərin Azərbaycan sektorunda D230 bloku üzrə kəşfiyyat işləri proqramı çərçivəsində planlaşdırılan seysmik tədqiqat işlərinin Ətraf Mühitə və Sosial-iqtisadi Sahəyə Təsirinin Qiymətləndirilməsi sənədi üzrə ictimai dinləmələr keçirəcək.

"BP-Azerbaijan" şirkətinin hazırladığı sənədin layihə versiyası https://www.bp.com/en_az/caspian/sustainability/environment/env-and-social-documentation/Block_D-230.html saytında dərc olunub. Hesabatda ətraf və sosial mühitin cari vəziyyəti haqqında məlumatlar, layihənin həyata keçirilməsinin ekologiyaya təsiri ilə bağlı proqnozlar, eləcə də ətraf mühitə və əhaliyə hər hansı potensial təsirin minimuma endirilməsi və azaldılmasına dair tədbirlər öz əksini tapıb.Xəbər verildiyi kimi, BP və və SOCAR 2019-cu ilin I yarısında Xəzərin Azərbaycan sektorunda Şimali Abşeron hövzəsindəki D230 perspektiv blokunda seysmik tədqiqatlara başlamağı planlaşdırır. 2019-2020-ci illərdə aparılması nəzərdə tutulan seysmik tədqiqatlar 6 ay davam edəcək. Məqsəd Şimali Abşeron hövzəsində perspektiv strukturlar üzrə geofiziki məlumatlar toplamaq və karbohidrogenlər olan geoloji strukturları aşkar etməkdir.

Seysmik tədqiqatın 100-800 metr arasındakı su dərinliklərində 3200 kvadrat kilometrlik ərazini əhatə edəcəyi gözlənilir. Seysmik kəşfiyyat işlərinin yekunları üzrə kəşfiyyat qazma işləri üçün məqsədlər müəyyənləşdiriləcək.SOCAR və BP arasında "Xəzər dənizinin Azərbaycan sektorunda Şimali Abşeron hövzəsindəki D230 perspektiv blokunun birgə kəşfiyyatı və işlənilməsi üzrə hasilatın pay bölgüsü haqqında" saziş 2018-ci il aprelin 26-da imzalanıb. Saziş 2018-ci il oktyabrın 12-də parlamentdə ratifikasiya edilib, noyabrın 13-də isə qüvvəyə minib.BP 50 faiz iştirak payına malik olmaqla kəşfiyyat dövründə operator kimi çıxış edəcək. İştirak payının digər 50 faizi isə SOCAR-a məxsusdur.Müqavilə ərazisinin sahəsi 3197 kvadratmetr təşkil edir. Burada indiyədək kəşfiyyat işləri aparılmayıb.Məhsuldar layların dərinliyi 3000-3500 metrdir.*