USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bakı neft maşınqayırma zavodu investisiya müsabiqəsinə çıxarılıb

01.03.2019 İqtisadiyyat
0 0
Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) “Bakı neft maşınqayırma zavodu” ASC-nin səhmlərinin 97,35%-nin satışı üzrə investisiya müsabiqəsi elan edib.

"Kommersant.az" Komitəyə istinadən xəbər verir ki, müsabiqə "Dövlət əmlakının özəlləşdirilməsinin sürətləndirilməsi və idarə edilməsinin səmərəliliyinin artırılması ilə bağlı bəzi tədbirlər haqqında" ölkə prezidentinin 19 iyul 2016-cı il tarixli fərmanını icra etmək məqsədi ilə, "Dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı"na və dövlət başçısının 17 iyul 2001-ci il tarixli fərmanı ilə təsdiq edilmiş "İnvestisiya müsabiqəsinin keçirilməsi Qaydaları"na uyğun olaraq elan edilib.

Müsabiqədə yerli hüquqi və fiziki şəxsləri ilə yanaşı, xarici investorlar da iştirak edə bilərlər. Müsabiqəyə yekun vurularkən müəyyən edilmiş şərtlər nəzərə alınmaqla maksimum həcmdə investisiya təklif etmiş və onun səmərəli qoyuluşu üzrə öhdəlik götürmüş iddiaçıya üstünlük veriləcək.

"Bakı neft maşınqayırma zavodu" 1934-cü ildə yaradılıb, Bakının Sabunçu rayonunun Zabrat qəsəbəsində, Babək küçəsi, 101A ünvanında yerləşir. Səhmdar cəmiyyəti neft-mədən avadanlıqları və onların ehtiyat hissələrinin istehsalı ilə məşğuldur. Onun nizamnaməə kapitalı 16,1 mln. manatdır ki, bu məbləğ də hər birinin nominal dəyəri 2 manat olan 8,05 mln. ədəd sənədsiz, adlı səhm əsasında formalaşıb. Bu səhmlərdən 7 836 376 ədədi (15 672 752 manatlıq) investisiya müsabiqəsinə çıxarılıb.

120 nəfər işçisi olan "Bakı neft maşınqayırma zavodu"nın 4 066 652 manat öhdəliyi var ki, bunun da 115 891 manatı əmək haqqı və ona bərabər tutulan borclar, 1 920 728 manatı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosal Müdafiə Fonduna (DSMF) borclar, 1 850 033 manatı mal, iş və xidmətlərə görə borclar, 180 000 manatı isə bank kreditləridir. Zavodun debitor borcları isə 983 209 manatdır.

İddiaçılar ƏMDK-ya azı 10 mln. manatlıq investisiya proqramı təqdim etməli, azı 150 yeni iş yerinin yaradılması, səhmlərin alqı-satqı müqaviləsi imzalandığı tarixdən etibarən 2 ay ərzində təklif edilən investisiyanın 5%-i qədər pul vəsaitinin səhmdar cəmiyyətinin hesablaşma hesabına köçürülməsi, dövlət büdcəsinə 4,7 mln. manat pul ödənilməsi barədə təkliflər verməlidir.

Bundan başqa, iddiaçılar qarşısında Komitəyə 1 mln. manat beh ödəmək tələbi də qoyulub. Qalib gəlmiş iddiaçının ödədiyi məbləğ gələcəkdə nəzərə alınacaq, qalib gəlməyən iddiaçıların ödədiyi məbləğlər isə geri qaytarılacaq.

Müsabiqənin qalibi yuxarıda qeyd olunan öhdəlikləri yerinə yetirməklə yanaşı, bu layihənin icrası ilə əlaqədar cəlb olunmuş məsləhətçi şirkətə 4 720 manat da ödəməlidir.

İddiaçılar səhmdar cəmiyyətinin Özəlləşdirmə planı (Emissiya prospekti) ilə tanış olmaq və investisiya müsabiqəsi haqqında əlavə məlumat əldə etmək üçün aprelin 10-na qədər ƏMDK-nın inzibati binasına müraciət edə bilərlər. Onların ərizə və təklifləri də həmin tarixə qədər qəbul ediləcək. Təkliflərin qiymətləndirilməsi isə aprelin 12-də, saat 10:00-dan başlayaraq Komitədə həyata keçiriləcək.