Bu gün baş nazir Novruz Məmmədov taksi minik avtomobillərinə və taksi minik avtomobilləri üçün duracaq yerlərinə dair tələbləri təsdiqləyib.
"Kommersant.az" xəbər verir ki, tələblərə əsasən, bəzi avtomobillərin taksi fəaliyyəti ilə məşğul olmasına qadağa qoyulub. Bəs bu qayda taksi bazarına necə təsir göstərəcək? Maşınların qiymətlərində azalma qeydə alına bilərmi?
Məsələ ilə bağlı Oxu.Az-ın suallarını iqtisadçı Vüqar Bayramov cavablandırıb.
"Əslində, tələblər çox sərt deyil və nəzərə alsaq ki, bu, həm Heydər Əliyev adına beynəlxalq aeroportdan şəhər istiqamətində hərəkət edən, həm də paytaxtdakı taksilərlə bağlıdır. Söhbət ikiqapılı və "ABS" əyləc sistemi "Avro-4" ekoloji standartına uyğun olmayan avtomobillərin taksi kimi istifadə edilməməsindən gedir.
Həm də bu gün aparıcı taksi şirkətlərinin çoxunda tələblər Nazirlər Kabinetinin təsdiq etdiyi tələblərə uyğundur", - ekspert bildirib.
Onun sözlərinə görə, bu, bəzi nisbətən ucuz taksi şirkətləri üçün xərc yaradacaq:
"Bu, nisbətən ucuz xidmət təklif edən, xüsusən köhnə avtomobillərdən, bəzi hallarda kondisoneri olmayan avtomobillərdən istifadə edən şirkətlərin xərcini artıracaq. Aparıcı taksi şirkətlərinin xərclərində ciddi artım olacağı gözlənilmir, ancaq güman edilir ki, daha ucuz xidmət, tarif təklif edən taksi şirkətlərinin xərclərində artımlar olacaq. Nəticə etibarilə nisbətən ucuz xidmət təklif edən taksi şirkətlərinin qiymətlərində artımın olması mümkündür".
V.Bayramov taksi xidmətləri üçün tələblərə cavab verməyən avtomobillərin satışa çıxarılmasının maşın bazarındakı qiymətlərə təsir edib-etməməsi ilə bağlı məsələyə aydınlıq gətirib:
"Onlar köhnə avtomobillərdir. O avtomobillərin qiymətləri kifayət qədər ucuzdur. Güman edirəm ki, köhnə avtomobillərin bazara çıxarılması bazarda təklifin artmasına gətirib çıxaracaq. Taksi kimi istifadə edilən avtomobillərə tələbin azalması gözlənilir. Çünki nəticə etibarilə həmin avtomobillər köhnədir, nəinki "Avro-4", heç "Avro-3" standartlarına da cavab vermir. Nəticədə, həmin avtomobillərin qiymətlərinin aşağı düşməsi gözlənilir".