Sosial müavinətlərin 30-40 növü var. Onlardan biri də uşaq pulu deyilən sosial müavinət növüdür. Yəni əslində, uşaq pulu elə sosial müavinət deməkdir. Sadəcə, sovetlər dövründə, həmçinin, yaşlı insanlar arasında uşaq pulu sözü işlədilirdi.
Bu baxımdan, uşaqlarla bağlı sosial müavinətlərin, uşaq pulunun bərpasının tərəfdarıyam. Bir şərtlə ki, bunun öncədən maliyyə tutumu, neçə il ərzində və nə qədər veriləcəyi ilə bağlı məsələlər tam araşdırılsın, sonra qərar verilsin.
Bunu açıqlamasında Milli Məclisin (MM) Əmək və sosial siyasət, həmçinin, Səhiyyə komitəsinin üzvü Musa Quliyev deyib. O qeyd edib ki, ötən əsrin 90-cı illəri və 2000-ci illərin lap əvvəllərində Azərbaycanda uşaq pulu çox cüzi idi: "Əslində, ona uşaq pulu da demək olmazdı, həmin pul heç nəyə yaramırdı. Ona görə də 2000-ci illərdə uşaq pulu ləğv olundu və o, ünvanlı sosial yardımla əvəzləndi. Daha doğrusu, maddi imkanları aşağı olan insanlar ünvanlı sosial yardım alarkən bu məsələ də onun içində həllini tapdı.
Onu da xatırladım ki, sovetlər dövründə və ondan bir qədər sonra uşaq pulları, sosial müavinətlər 0-6 yaş arasında olan uşaqlara verilirdi. İndi 0-3 yaş arasında uşaqlarla bağlı məsələ gündəmdədir və çox gözəl ideyadır.
Mən onu dəstəkləyirəm. Amma ola bilər ki, bu məsələ həllini tapacağı təqdirdə, o, 0-3 yox, 0-6 yaşlarında və ya ondan bir qədər yuxarı yaş həddində müəyyənləşdirilməlidir. Bu isə aparılacaq hesablamalardan, məsələnin maliyyə tutumunun müəyyənləşdirilməsindən və müvafiq qərarın, fərman və ya sərəncamın verilməsindən sonra məlum olacaq. İndidən bu barədə konkret nəsə demək çətindir".
M.Quliyev qeyd edib ki, bu məsələ ilə bir daha dövlət öz vətəndaşına, öz gələcəyi olan nəslə, uşaqlara sahib çıxmış olur.
"Yəni dövlət deyir ki, bu uşaq sənin olduğun qədər həm də mənimdir. Onun sağlam, təhsilli, cəmiyyət üçün yararlı və faydalı böyüməsi sənin qədər mənim də vəzifəmdir, mənim də mənafeyimə uyğundur. Həm də bildiyiniz kimi, dünyada insan kapitalı deyilən bir anlayış var ki, o da üç hissədən ibarətdir: sağlam, təhsilli və zəngin insan.
Odur ki, Azərbaycan dövləti, dövlət başçısı daim bu məsələni dilə gətirir, öz insanını sağlam, təhsilli və zəngin görmək istəyini ortaya qoyur və zaman-zaman bu istiqamətdə addımlarını atır.
Bu baxımdan, uşaq pulunun bərpası, sosial müavinətin artırılması dövlətin öz gələcəyinə sahib çıxmasını bir daha açıq şəkildə ortaya qoyur", – deyə M.Quliyev qeyd edib.
Həmçinin, əlavə edib ki, prezident İlham Əliyevin əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında 25 fevral tarixli sərəncamına əsasən, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara sosial müavinətin məbləğinin 150 manata, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına (himayəçilərinə) sosial müavinətin məbləğinin 100 manata, beşdən çox uşağı olan qadınlara sosial müavinətin məbləğinin hər uşaq üçün 55 manata, uşağın anadan olmasına görə sosial müavinətin məbləğinin 200 manata çatdırılması nəzərdə tutulub.
"Azərbaycan dövlətinin, dövlət başçısının atdığı addımlar və iradə göz önündədir. Odur ki, gələcəkdə uşaq pulunun bərpası və ya uşaqlarla bağlı sosial müavinətlər məsələsi də öz həllini tapa bilər.
Eyni zamanda, qeyd edim ki, əgər bu məsələ həllini taparsa, ünvanlı sosial yardım alan ailələrin uşaqları da bu hüquqdan yararlanmalıdırlar. Yəni onlar həm sosial müavinət, həm də ünvanlı sosial yardım almalıdırlar. Hər iki məsələ birlikdə həllini tapmalıdır", – deyə millət vəkili əlavə edib.