Son günlər dünya sferasında baş verən dalğalanmalar daxili bazarlara da təsirsiz ötüşmədi. Belə ki, xüsusən qardaş ölkə Türkiyədə daxili bazarda qıtlığın yaranması ölkəmizdən Türkiyəyə ixracı artırdı ki, bunun da nəticəsində daxili bazarda meyvə-tərəvəz qiymətlərində artım müşahidə olundu. Sözügedən artımın soğandan sonrakı qəhrəmanı kələm oldu.
"Kommersant.az" məsələ ilə bağlı aidiyyatı qurumlara müraciət etdi. Lakin nəticədə aidiyyatı hesab etdiyimiz qurumlardan, Kənd Təsərrüfatı, İqtisadiyyat Nazirliyi və Dövlət Gömrük Komitəsindən gələn cavablar gözlənilməz oldu. Belə ki, hər 3 qurum "kələmdən üz döndərdi" və məsələ ilə bağlı cavab vermək öhdəliyinin onlara aid olmadığını bildirdi. Bu halda biz də ekspert Nicat Nəsirliyə üz tutduq.
Nicat Nəsirli vəziyyəti belə şərh etdi:
"2018 – ci ilin aprel ayında müəyyən islahatlar oldu, silsilə fərmanlar verildi. Onlardan biri də İqtisadiyyat Nazirliyinə tabe olan Antiinhisar Dövlət Xidmətinin ləğv olunması ilə bağlı idi. Həmin fərmanda göstərilirdi ki, bu qurum ləğv olunduqdan sonra onun əvəzinə İstehlak Bazarına Nəzarət Xidməti yaradılsın. Fərman var, funksiya isə sözügedən qurumdadır. Lakin təəssüf ki, bu günə qədər həmin qurum işə başlamayıb. Ona görə də hazırda bazara nəzarət edəcək hər hansı qurum yoxdur. Ötən il belə bir fikir də irəli sürüldü ki, biz hazırda liberal bazar iqtisadiyyatında yaşadığımıza görə qiymətlərə bazar özü nəzarət edir".
Ekspertin şərhinə əlavə olaraq qonşu ölkələrdə, xüsusən İranda ərzaq məhsullarının ölkədən çıxışına embarqo qoyulmasını vurğuladıq və bu qadağanın Azərbaycanda tətbiq olunub olunmayacağını soruşduq. Nicat Nəsirli bildirdi ki, ölkəmiz üçün bu hal qaçılmazdır:
"Oktyabrdan sonra bizim tələbatımız ən yüksək həddə çatır və biz idxaldan asılı vəziyyətə düşdüyümüzə görə embarqo qaçılmaz olacaq. Ümumilikdə isə bu funksiya hazırki vəziyyətdə Nazirlər Kabinetinə aiddir".
Sonda yenidən kələmə qayıtmaq istədik. İqtisadiyyat Nazirliyinin kələm, soğan və s. strateji məhsullarda qıtlıq yaranmasına qarşı onları əvvəldən rezerv etmək, saxlamaq kimi bir tədbir görüb – görmədiyi ilə maraqlandıq. Ekspert bildirdi ki, İqtisadiyyat Nazirliyinin belə bir öhdəliyi yoxdur:
"Belə bir funksiya Fövqaladə Hallar Nazirliyində var ki, o da ərzaq buğdası məhsullarını əhatə edir. Geri qalan tənzimləmələri Aqrar Tədarük həyata keçirməlidir. Həmin qurum isə ortalıqda yoxdur".