Prezident İlham Əliyevin qanunvericilik təşəbbüsü ilə ötən ilin noyabrında qəbul edilmiş “Notariat haqqında” Qanuna edilən əsaslı dəyişikliklər daha müasir texnologiyaların və innovasiyaların tətbiqinə geniş imkan yaradır. Həmin dəyişikliklərdə çoxsaylı yeniliklər nəzərdə tutulub. Bunlardan biri də Azərbaycanda Notariat Palatasının təsis edilməsidir. Notariat Palatasına dair bir çox müddəalar artıq “Notariat haqqında” qanunda əks olunub. Notariat Palatası notariat xidmətinin inkişafı və təkmilləşdirilməsi məqsədilə notariusların məcburi üzvlüyü əsasında yaradılan, fəaliyyətini özünüidarəetmə prinsipi üzrə həyata keçirən qeyri-kommersiya hüquqi şəxsdir. Palata Azərbaycanda xüsusi qaydada fəaliyyət göstərən notariusları özündə birləşdirir.
"Kommersant.az" xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyinin qeydiyyat və notariat baş idarəsinin rəisi İlqar Məmmədov AzərTac-a müsahibəsində deyib.
Ədliyyə sahəsində həyata keçirilən islahatlar və yeniliklər barədə məlumat verən İlqar Məmmədov bildirib ki, hazırda Notariat Palatasının Əsasnaməsinin layihəsi hazırlanır. Güman edirəm ki, yaxın vaxtlarda notariusların ümumi yığıncağı keçirilərək Notariat Palatasının Əsasnaməsi qəbul olunacaq və palata təsis ediləcək. Bundan sonra palata fəaliyyətə başlayacaq. Notariat Palatasının yaradılmasının məqsədi notariusların təliminin təşkili və beynəlxalq əlaqələrin möhkəmləndirilməsidir. Beynəlxalq əlaqələrin möhkəmləndirilməsi isə məhz notariusların təlimləndirilməsinə xidmət edir. Bunun da nəticəsində əhaliyə daha keyfiyyətli hüquqi xidmətlər göstəriləcək.
"Bu gün ölkəmizdə iqtisadiyyatın, mülki dövriyyənin inkişafı ilə bağlı notariat xidmətlərinə tələbat artıb. Ona görə müqavilələrin və etibarnamələrin təsdiqinə böyük zərurət var. Bu sahədə Ədliyyə Nazirliyi tərəfindən geniş islahatlar aparılıb. Əvvəllər yalnız dövlət notariusları mövcud idi. Hazırda ölkəmizdə notariusların 83 faizini xüsusi notariuslar təşkil edir. Xüsusi notariuslara keçidin bir sıra üstünlükləri var", – deyə qeydiyyat və notariat baş idarəsinin rəisi vurğulayıb.
Qeyd edək ki, Notariat Palatasının müvafiq icra hakimiyyəti orqanına notariat fəaliyyətinin səmərəli təşkilində yardım etmək, notariusların peşə hazırlığının artırılması məqsədilə təlimlərin və notarius olmaq istəyən şəxslərin hazırlığının təşkilində iştirak etmək, notariat təcrübəsinin formalaşdırılması üçün notariat hərəkətləri üzrə ümumiləşdirmələr aparmaq, notariat fəaliyyətini tənzimləyən normativ hüquqi aktların təkmilləşdirilməsi məqsədilə müvafiq icra hakimiyyəti orqanına təkliflər vermək, digər ölkələrin notariusları, həmçinin beynəlxalq təşkilatlarla əməkdaşlıq etmək səlahiyyətləri var. Palata notariusların beynəlxalq təşkilatlarına üzv ola bilər.