USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycanla Avropa İttifaqı arasında viza rejimi sadələşdirilir

29.04.2019 İqtisadiyyat
0 0
"Azərbaycanla Avropa İttifaqı (Aİ) arasında viza rejiminin liberallaşdırılması readmissiya və viza rejiminin sadələşdirilməsi barədə sazişlərin tam yerinə yetirilməsindən asılıdır".

"Kommersant.az" xəbər verir ki, bunu "Report"a Xarici İşlər nazirinin müavini Mahmud Məmməd-Quliyev bildirib.

"Hələlik readmissiya və viza rejiminin sadələşdirilməsinə dair sazişlərlə bağlı işləri yerinə yetiririk. Yalnız bundan sonra əgər Aİ ölkələri lazım bilsə, viza rejiminin liberallaşdırılmasına dair danışıqlar başlanacaq. Ona görə də bu məsələyə dair danışıqların nə vaxt başlanacağı hələ də bəlli deyil", – nazir müavini deyib.

Qeyd edək ki, readmissiya və viza rejiminə dair danışıqlar mütəmadi olaraq ildə bir dəfə keçirilir. Ötən il sentyabr ayının ortalarında keçirilən son danışıqlar zamanı irəliləyişə nail olunduğunu Aİ nümayəndələri viza liberallaşdırılması istiqamətində dialoqa başlamaq üçün mühüm hadisə olaraq dəyərləndiriblər.

Bundan əvvəl Xarici İşlər naziri Elmar Məmmədyarov viza rejiminin liberallaşdırılmasına dair Aİ ilə danışıqlara hazır olduqlarını bildirmişdi: "Vizasız səyahətlərin hər iki tərəfin vətəndaşlarına sərfəli olacağına, habelə Azərbaycanla Aİ arasında siyasi, sosial, mədəni əlaqələrin daha da genişlənməsinə, insanlar arasında daha çox ünsiyyətə gətirib çıxaracağına əminəm".

Nazir Avropa İttifaqı tərəfindən Azərbaycanla viza rejiminin liberallaşdırılmasına dair dialoqu vaxtında başlamasının "Şərq Tərəfdaşlığı" Proqramının Brüssel sammitinin yekun bəyannaməsinə tam uyğun gəldiyini bildirib.

Xatırladaq ki, 2013-cü ilin 29 noyabr tarixində Avropa İttifaqının "Şərq Tərəfdaşlığı" Proqramı üzv ölkələrinin Vilnüs sammitində Azərbaycan ilə Aİ arasında viza rejiminin sadələşdirilməsi haqqında saziş imzalanmışdı. 2014-cü il sentyabrın 1-dən qüvvəyə minən həmin sənəd Danimarka və Böyük Britaniyaya, habelə Şengen zonasına qoşulan İslandiya, Norveç, İsveçrə, Lichtenşteyn kimi ölkələrə şamil olunmur.