Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev “Formula 1 SOCAR Azərbaycan Qran Pri”si ilə əlaqədar Azərbaycanda səfərdə olan Malayziyanın “Petronas” şirkətinin prezidenti Tan Sri Van Zulkifli Van Ariffinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
"Kommersant.az" SOCAR-a istinadən xəbər verir ki, SOCAR-ın prezidenti qonaqları "Mercedes-AMG Petronas Motorsport" komandasının "Formula 1 SOCAR Azərbaycan Qran Pri"sində uğur qazanması münasibəti ilə təbrik edib.
"Petronas" şirkətinin rəhbərliyi "Formula 1 SOCAR Azərbaycan Qran Pri"sinin hər il yüksək səviyyədə keçirildiyini qeyd edərək minnətdarlığını bildiriblər.
Görüşdə SOCAR və "Petronas" arasında mövcud tərəfdaşlıq məsələləri müzakirə olunub, o cümlədən "Şahdəniz" layihəsinin yüksək səviyyədə inkişaf etdirilməsi ilə bağlı məlumat verilib. Bildirilib ki, "Şahdəniz" yatağının işlənməsinin ikinci mərhələsi və Cənub Qaz Dəhlizinin digər seqmentləri üzrə işlər tam sürətlə, bəzən hətta qrafiki qabaqlamaqla yerinə yetirilir.
Şirkətlər arasında hasilat, satış və digər sahələrdə əməkdaşlıq perspektivlərinin müzakirə edildiyi görüşdə qeyd olunub ki, maraq doğuran müxtəlif sahələrdə tərəfdaşlıq imkanlarının dəqiqləşdirilməsi aparılacaq. Tan Sri Van Zulkifli Van Ariffin bu cür yüksək səviyyəli görüşlərin faydalı olduğunu bildirib, gələcəkdə Bakıda və Malayziyada növbəti görüşlərin keçirilməsi ilə bağlı fikirlərini bölüşüb.
Xatırladaq ki, Malayziyanın "Petronas" şirkəti "Şahdəniz" yatağının işlənməsi layihəsində 15,5%, Cənubi Qafqaz boru kəməri layihəsində 15,5%, həmçinin "Azerbaijan Gas Supply Company" şirkətində 12,4% pay sahibidir.