USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Şahin Mustafayev Uruqvayın xarici işlər naziri ilə görüşüb

02.05.2019 İqtisadiyyat
0 0
İqtisadiyyat naziri Şahin Mustafayev ölkəmizdə səfərdə olan Uruqvayın xarici işlər naziri Rodolfo Nin Novoa ilə görüşüb.

"Kommersant.az" xəbər verir ki, görüşdə Azərbaycan və Uruqvay arasında iqtisadi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib. Ş.Mustafayev qeyd edib ki, ölkələrimiz arasında ticarət əlaqələri inkişaf edir, Azərbaycan 2018-ci ildə Uruqvaya ən çox neft ixrac edən 5 ölkədən biri olub. Bununla belə, iqtisadi əlaqələrin genişləndirilməsi üçün böyük imkanlar var. Azərbaycan və Uruqvay nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin təşkili iqtisadi əməkdaşlığın və biznes strukturları arasında əlaqələrin möhkəmləndirilməsində faydalı ola bilər.

Ş.Mustafayev iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün möhkəm müqavilə-hüquq bazanın yaradılmasının önəmini qeyd edib, Azərbaycan və Uruqvay arasında əməkdaşlığın inkişafı üçün potensialı diqqətə çatdırıb. Qeyd edilib ki, Uruqvay şirkətləri Azərbaycanda yaradılmış əlverişli biznes və investisiya mühitindən faydalana bilərlər.

R.N.Novoa mövcud potensialdan istifadənin, iş adamları arasında görüşlərin təşkil edilməsinin iqtisadi-ticarət əməkdaşlığının genişləndirilməsində əhəmiyyətini diqqətə çatdırıb.

Görüşdə Bakıda keçiriləcək V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun əhəmiyyəti və bu Forumun beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsinə töhfə verəcəyi vurğulanıb.

Görüş çərçivəsində "Azərbaycan Respublikası Hökuməti ilə Uruqvay Şərq Respublikası Hökuməti arasında iqtisadi, ticarət və texniki əməkdaşlıq haqqında" Saziş imzalanıb. Sənəddə ölkələrimiz arasında iqtisadi, ticarət və texniki əməkdaşlığın genişləndirilməsi məqsədilə Birgə Komissiyanın yaradılması, kiçik və orta şirkətlər arasında əməkdaşlığın, hər iki ölkədə keçirilən beynəlxalq sərgi və yarmarkalarda iştirakın təşviqi, investisiya sahəsində təcrübə mübadiləsinin təşkili və s. məsələlər nəzərdə tutulur.

Report