"Ölkədə xarici sərmayələr üçün münbit biznes mühiti mövcuddur".
"Kommersant.az" xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıda keçirilən V Dünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində çıxışı zamanı bildirib.
"Son 15 ildə bizim iqtisadiyyatımız ən sürətlə inkişaf edən iqtisadiyyatlar sırasında olub. Biz mühüm islahatlar həyata keçirmişik ki, bu da bizə ölkədə biznes mühitinin yaxşılaşdırılması və sərmayə cəlb etmək imkanı yaradıb. Dünya Bankının sonuncu "Doing Business" hesabatına görə, Azərbaycan dünyada 25-ci yerdə qərarlaşıb. Ölkədə xarici sərmayələr üçün münbit biznes mühiti mövcuddur. Biz xarici borcumuzun azaldılması strategiyası üzərində çalışırıq. O, onsuz da aşağı səviyyədədir – ümumi daxili məhsulumuzun 19 faizi səviyyəsində. Eyni zamanda, biz iqtisadiyyatımızın şaxələndirilməsi, yoxsulluq və işsizliyin tamamilə aradan qaldırılması üzərində çalışırıq. Bu, gündəliyimizdə duran başlıca məsələlərdəndir. Çünki bizim iqtisadi inkişafımız insanlarımızın yaşayış səviyyəsinin yaxşılaşdırılması ilə nəticələnir. On beş il öncə əhalinin 50 faizi yoxsulluq səviyyəsində yaşayırdı. Bu gün bu göstərici 5-6 faiz səviyyəsindədir", - dövlət başçısı qeyd edib.
Prezident İlham Əliyev nəqliyyat layihələrinə də toxunub: "Bağlılıq haqqında danışarkən istərdim Azərbaycanın iştirak etdiyi nəqliyyat layihələrini xüsusi qeyd edim. Biz bu layihələrə yalnız nəqliyyat bağlılığı kimi baxmırıq. Əslində, bu layihələr regionda ab-havanı dəyişir. Onlar geniş beynəlxalq əməkdaşlıq formatını yaradır. Azərbaycan qədim İpək Yolu üzərində yerləşir. Son illər yaratdığımız müasir nəqliyyat infrastrukturu artıq Azərbaycanı vacib tranzit ölkəyə çevirib. Yaxın qonşularımız və digər tərəfdaşlarımızla sıx əməkdaşlıq olmasa idi, biz tranzit ölkəyə çevrilə bilməzdik. Bunun üçün qonşular və tərəfdaşlar tələb olunur. Nəqliyyat sahəsinə qoyulan sərmayələr avtomatik olaraq regionda daha da proqnozlaşdırıla bilən vəziyyət yaradır ki, burada ölkələr birgə faydalanır. Bizim siyasətimiz əməkdaşlıq, qarşılıqlı anlaşma və qarşılıqlı fayda vasitəsilə məqsədlərimizə nail olmaq və ölkəni gücləndirməkdən ibarətdir. Enerji təhlükəsizliyi ilə bağlı siyasətimizdə də biz hər zaman istehsalçı, tranzit dövlətlər və istehlakçılar arasında lazımi balansı tapmağa çalışırıq. Burada hər bir tərəf fayda görməsə, uğurdan söhbət gedə bilməz. Biz hər zaman tərəfdaşlarımızın ehtiyacı olduğu vaxt onlara dəstək verməyə hazır olmalıyıq. Eyni zamanda lazım gəldikdə onlardan da eyni dəstəyi gözləyirik".
Dövlət başçısı vurğulayıb ki, Azərbaycan həmçinin Şimal-Cənub nəqliyyat dəhlizinin fəal iştirakçısıdır: "Xəritəyə baxsanız Şərqdən-Qərbə, Şimaldan-Cənuba gedən nəqliyyat marşrutları ölkəmizin ərazisindən keçdiyini görərsiniz. Buna nail olmaq üçün isə gərgin işləməli olduq. Burada coğrafiya kifayət deyil, bu, yalnız ilkin şərt, zəruri element sayıla bilər. Biz nəqliyyat infrastrukturuna - dəniz limanları, dəmir yolları, hava limanları və magistral yollara böyük sərmayə yatırdıq. Beləliklə, bu gün coğrafi və nəqliyyat mərkəzi olmaq baxımından Azərbaycan tərəfdaşlarına çoxlu imkanlar təklif edir".