USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu azalıb

15.05.2019 İqtisadiyyat
0 0
2019-cu ilin yanvar-aprel aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 3916 milyon manat vəsait yönəldilmiş, sərf edilmiş vəsaitin 69,9 faizini bilavasitə tikinti-quraşdırma işlərinin dəyəri təşkil etmişdir. Bildirək ki, ötən ilin müvafiq dövründə isə əsas kapitala 4,160 milyon manat vəsait yönəldilmişdir. Belə ki, bu il Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu 6,2% azalıb.

"Kommersant.az" bu barədə Dövlət Statistika Komitəsinə istinad edərək bildirir.

Ümumi sərmayənin 64,5 faizi məhsul istehsalı obyektlərinin, 26,5 faizi xidmət sahələri üzrə obyektlərin, 9,0 faizi isə ümumi sahəsi 595,6 min kvadrat metr olan yaşayış evlərinin tikintisinə sərf olunmuşdur. Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsait ümumi sərmayənin 69,4 faizini təşkil etmişdir.

Əsas kapitala yönəldilmiş sərmayənin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 60,7 faiz, büdcə vəsaitləri 25,6 faiz, əhalinin şəxsi vəsaitləri 6,4 faiz, bank kreditləri 5,8 faiz, büdcədənkənar fondların vəsaitləri 1,2 faiz, sair vəsaitlər isə 0,3 faiz təşkil etmişdir.

İlin yanvar-aprel aylarında Bakı şəhərində Əmlak Məsələləri Dövlət Komitəsinin Əmlak Xidmətləri Məkanı, Mərdəkan-Qala avtomobil yolu, Sumqayıt şəhərində "SOCAR karbamid" zavodu, Polietilen zavodu, Beyləqan rayonunda Olimpiya İdman Kompleksi, Tarix-Diyarşünaslıq Muzeyi, Kəbirli-Eyvazalılar-Birinci Aşıqlı-Əlinəzərli və Mingəçevir-Stansiya Mingəçevir-Bəhrəmtəpə -Beyləqan avtomobil yolları, bunlardan əlavə Naxçıvan Muxtar Respublikasında 1170 şagird yerlik 2 ümumtəhsil məktəb binası, 200 yerlik məktəbəqədər təhsil müəssisəsi, bir növbədə gəlişlərin sayı 35 nəfər olan 2 ambulatoriya-poliklinika müəssisəsi, Qobustan və Şəmkir rayonlarında 310 çarpayılıq 2 xəstəxana və s. mühüm əhəmiyyətli obyektlər istifadəyə verilmişdir.