Oxucumuz Əzizov İlqar Əhədağa oğlu ARDİNBŞ Nəsimi rayon Polis Idarəsindən şikayətlə əlaqədar ona göndərilmiş cavab məktubunu saytımıza göndərib və sosial şəbəkələrdə paylaşıb.
"Kommersant.az"-ın məlumatına görə, vətəndaş bildirir ki, 10.05.2019 tarixində Hökümət evinin yaxınlığında ona məxsus olan 90 BU 806 dövlət qeydiyyat nişanlı "Mitsubishi" markalı avtomobili idarə edərkən 99 YP 272 dövlət qeydiyyat nişanlı avtomobildə xidmət aparan DYP əməkdaşı ona saxlama əmri verib və İnzibati Xətalar Məcəlləsinin 511.1 maddəsinə əsasən avtoxuliqanlıq etdiyini iddia edib. Sürücü bununla razılaşmasa da, heç bir protokol tərtib olunmadan onun avtomobilini duracağa yerləşdirib və Nəsimi rayon DYP idarəsinə yaxınlaşmasını tələb ediblər.
Halbuki, hətta sürücü həqiqətən avtoxuliqanlıq etsə belə, İnzibati Xətalar Məcəlləsinin 96-cı maddəsinə əsasən, avtomobilin duracağa yerləşdirilməsi qanuna ziddir. Sabahı gün sürücü idarəyə yaxınlaşıb, avtoxuliqanlıq etmədiyini bildirib və rəsmi şəkildə şikayət məktubu göndərib. Onun avtomobilini də duracaqdan buraxıblar.
18.05.2019 tarixində sürücünün şikayətinə cavab məktubu gəlib. Məktubda bildirilib ki, "şikayət əsasında sizin işiniz araşdırılıb və avtoxuliqanlıq etməyiniz öz təstiqini tapmayıb".
Deməli bu cavabdan əməkdaşın sürücüyə böhtan atdığı aydın olur. Bəs belə olan halda sürücüyə qarşı bu əməli törədən, onun avtomobilni haqsız yerə duracağa aparan, onun vaxtını alan, əsəblərini korlayan bu əməkdaş haqqında nə tədbir görüləcək və ya nə tədbir görülüb?