Bu il iyun ayının sonuna Trans-Anadolu Təbii Qaz Boru Kəməri (TANAP) ilə nəql olunan qazın həcmi təxminən 1,8 mlrd. kubmetrə çatacaq.
"Kommersant.az" "SOCAR Turkey Enerji A.Ş"nin 2018-ci il üzrə hesabatına əsasən xəbər verir ki, bu barədə şirkətin baş icraçı direktoru Zaur Qəhrəmanov bildirib.
Onun sözlərinə görə, 2019-ci ilin sonunda bu rəqəmin 3 mlrd. kubmetrə çatması planlaşdırılır:
"2020-ci ildən isə nəql olunan təbii qazın həcmi 6 mlrd. kubmetrə yüksələcək. TANAP Türkiyənin təbii qaz ehtiyacının təxminən 12%-ni təmin edəcək".
Qeyd edək ki, Cənub Qaz Dəhlizi layihəsinin əsas seqmentlərindən biri olan TANAP Türkiyənin Gürcüstanla sərhəddindən başlayır və Yunanıstan sərhəddində, Ədirnənin İpsala rayonunda Avropa ölkələrinə təbii qaz nəqlini həyata keçirəcək Trans-Adriatik Boru Kəmərinə (TAP) birləşdiriləcək.
Ümumi uzunluğu 1 850 km olan TANAP Faza-0 və Faza-1 hissə olaraq həyata keçirilir. Boru kəmərinin Faza-0 adlandırılan Gürcüstan-Türkiyə sərhəddi-Eskişəhər hissəsinin diametri 56 düym, uzunluğu 1 340 km təşkil edir. 2018-ci iliyunun 12-də TANAP-ın bu hissəsinin rəsmi açılış mərasimi keçirilib. İyunun 30-da isə TANAP-la Türkiyəyə ilk kommersiya qazının tədarükü başlanıb. Kəmərin ilkin illik ötürücülük gücü 16 mlrd. kubmetr təşkil edir. Bu həcmin 6mlrd. kubmetri Türkiyədə istifadə olunacaq, 10 mlrd. kubmetri isə Avropaya nəql ediləcək.
TANAP layihəsində "Cənub Qaz Dəhlizi" QSC 51%, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki törəməsi "SOCAR Turkey Enerji A.Ş" 7%, BOTAŞ 30%, BP 12% paya malikdir.
Report