Prezident Donald Tramp daha bir ölkə ilə ticarət müharibəsinə başlayıb. Bu, Meksikadır.
10 iyundan etibarən Meksikadan ABŞ-a gələn bütün mallar üzrə 5%-lik tariflər tətbiq ediləcək.
"Kommersant.az" xəbər verir ki, Prezident bu haqda öz “Twitter” hesabında xəbər verib. Meksika qeyri-qanuni miqrasiya problemini həll etməsə, tariflər hər ay daha 5% artacaq və beləliklə, artıq oktyabrda tariflər 25%-ə çata bilər.
Administrasiya rəsmiləri qeyd edirlər ki, “bu tədbirlərin səmərəliyi” miqrasiya axınının azalması kimi vacib meyarları nəzərə almaqla qiymətləndiriləcək.
Maliyyə bazarları şok keçiriblər: “Dow Jones Industrial Average” indeksi 300 punkt aşağı düşüb.
ABŞ və Meksika iqtisadiyyatları bir-biri ilə sıx əlaqəlidirlər və bu tədbirlər Amerika istehsalçılarına da təsir edəcəkdir. Bundan əlavə, yeni tariflər Şimali Amerikanın avtomobil sənayesinə də təsir göstərəcək. “GM” və “Ford” cümə günü keçirilən hərraclarda səhmlərin 3%-dən çox azalmasını qeyd ediblər.
Tariflər, yenidən işlənib hazırlanmış NAFTA müqaviləsini təsdiq edilmə şansını əhəmiyyətli dərəcədə azaldır. Bildiyiniz kimi, ötən il 3 ölkə yeni müqaviləni təsdiqləyib, sənədin üç qanunverici orqan tərəfindən ratifikasiya edilməsi qalıb.
Hal-hazırda tariflər üçün uyğun vaxt deyil, belə ki, qlobal iqtisadiyyatdakı yavaşama ilə bağlı narahatlıqlar artmaqdadır. ABŞ və Çin arasında gedən ticarət müharibəsi mövcud vəziyyəti daha da çətinləşdirir. “Morgan Stanley” ABŞ iqtisadiyyatının tənəzzülə uğrayacağını proqnoz edir.
“Argus Media” nın verdiyi məlumata görə, tariflər ilk növbədə enerji daşıyıcıları ticarətinə təsir edəcəkdir. Ötən il bu ticarətin həcmi 13 milyard dollar təşkil edib.
Meksikanın nə cavab verəcəyi məlum deyil. “Argus Media” nın 2018-ci il məlumatına görə, Meksika ümumilikdə 265 milyard dollarlıq mal idxal edib.
Yeni ticarət müharibəsi neft bazarına mənfi təsir göstərəcək.
Təchizat problemi Venesuela, İran və Liviyaya təsir etdikdə, ticarət müharibəsi bütün dünya iqtisadiyyatına təsir edəcəkdir. Eyni zamanda OPEC+ çərçivəsində istehsalın azalması gözlənilir.