USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bakı Metropoliteni gələn il daha 10 yeni ventilyator alacaq

04.06.2019 İqtisadiyyat
0 0
Bu ilin payızına qədər “Bakı Metropoliteni” QSC-nin stansiyalarında, ümumilikdə, 7 yeni ventilyator quraşdırılacaq.

"Kommersant.az" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında qurumun Elektromexanika xidmətinin rəisi Nüsrət Abdullayev deyib.

Onun sözlərinə görə, onların 2-si artıq metronun "Memar Əcəmi" və " Qara Qarayev" stansiyalarında quraşdırılıb: "Həmin ventilyatorların gücü 75kVt-dur. Qarşıdakı dövrdə "Nizami", "Nəriman Nərimanov" və "Ulduz" stansiyalarında da yeni ventilyatorlar quraşdırılacaq. Bunlardan isə 2-si 75kVt-luq, 3-ü isə 55kVt-luq olacaq. 2 ədəd 55kVt-luq ventilyator "Nərimanov" və "Ulduz" stansiyalarının arasındakı tuneldə, biri isə "Nizami" stansiyasında quraşdırılacaq".

"Ventilyatorlar xüsusi sifariş əsasında Rusiyanın "Ventprom" maşınqayırma zavodunda istehsal olunub. 7 ventilyator artıq Bakıdadır. Onların idarəetmə sistemləri Almaniyanın "Siemens" və "Schneider" şirkətlərinin avadanlıqları üzərində qurulub. Bu il 7 ventilyator dəyişdiriləcək, gələn il isə daha 10 ventilyatorun alınması nəzərdə tutulur", - o əlavə edib.

Qeyd edək ki, yeni ventilyatorların iş rejimini axından sovurmaya və əksinə 20 saniyə ərzində dəyişmək mümkündür. Bu isə təhlükəsizliyin artırılması, fövqəladə hallarda bir rejimdən digərinə daha çevik keçid baxımından əhəmiyyət kəsb edir. Hava axınının daha səmərəli və məhsuldar yayılmasına, həmçinin platforma səviyyəsinə birbaşa yönəlməsi məqsədilə quraşdırma zamanı hər bir detala, hətta ventilyatorların döşəmə səviyyəsindən hündürlüyünə də xüsusi diqqət yetirilib.

Yeni ventilyatorların səsi normalardan aşağı olsa da, sərnişin rahatlığı baxımından müasir səsboğucularla da təmin olunacaq. Yeni səsboğucular daha effektiv və istismar üçün daha əlverişlidir. Ən əsası, yeni ventilyatorlar istismardan çıxarılmış avadanlıqlarla müqayisədə tunellərdə süni havalandırmanın keyfiyyətini bir neçə dəfə yaxşılaşdıracaq. Müqayisə üçün qeyd edək ki, əvvəlki avadanlıqlar, ən yaxşı halda, 20-30 m3/saniyə məhsuldarlıqla işləyirdisə, yenilərinin havalandırma imkanı 70 m3/saniyədir. Həmçinin yeni ventilyatorların faydalı iş əmsalı, titrəyiş və səs-küy həddi və s. texniki göstəriciləri dünya standartlarının ən yüksək tələblərinə cavab verir.

Bu, metropolitenin stansiya və tunellərinin ventilyasiya sistemi ilə bağlı 2019-cu ildə həyata keçirəcəyi yeganə tədbir deyil. Qurum stansiya və tunellərin təbii havalandırılması istiqamətində yeni layihənin həyata keçirilməsinə başlayacaq. Bu məqsədlə dünyanın aparıcı şirkətlərinin məhsullarının Bakı metropolitenində tətbiq imkanları, keyfiyyəti, səmərəsi və digər texniki detalları araşdırılıb. Yaxın vaxtlarda bununla bağlı ilk əhəmiyyətli addımlar da atılacaq.

Report