USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Niderlanddan ilk konteyner bu ay Azərbaycana göndəriləcək

14.06.2019 İqtisadiyyat
0 0
Avropanın ən böyük logistika və nəqliyyat qovşaqlarından biri olan Niderland Krallığının Limburq əyalətinin Venlo şəhərindən ilk yük konteyneri iyunun ikinci yarısı Bakıya yola düşəcək.

"Kommersant.az" xəbər verir ki, hökumətdəki mənbələrdən əldə edilmiş məlumata görə, ümumilikdə, test olaraq 40 fut (18,14 kq) yükün daşınması nəzərdə tutulur.

İlkin olaraq geyimlərin daşınması nəzərdə tutulan konteynerini Venlodan İstanbula (Türkiyə) "Cabooter Group" şirkəti daşıyacaq. İstanbuldan Bakıya və Bakıdan Şanxaya isə daşınmanı "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-nin partnyoru olan digər şirkətləri həyata keçirəcək.

Mənbənin sözlərinə görə, bu daşınmanın müddəti 18 gün müəyyən edilib: "Ənənəvi dəniz daşımalarında bu müddət 45-50 gün çəkir. Biz isə 3 dəfə daha qısa müddətdə daşınma təklif edirik. Gələcəkdə müştərinin istəyindən asılı olaraq konteynerlər Bakıdan Şanxaya (Yangshan Dərin Dəniz limanı) deyil, Çinin digər limanlarına da daşına bilər".

Xatırladaq ki, bu ilin aprelində Venlo şəhərində fəaliyyət göstərən aparıcı şirkətləri "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC ilə əməkdaşlığa başlayıb. Bununla bağlı Bakı Limanı ilə Venlo şəhərinin daxil olduğu Limburq əyalətinin hökuməti və aparıcı şirkətlər arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

Bakı Limanının imzaladığı Anlaşma Memorandumunda Limburq əyalətinin hökuməti, "Cabooter Group", "SMART Logistics Centre", "Limburq İnkişaf və Sərmayə Şirkəti", "Venlo Yaşıl Liman", "KLG Europe", "Şimal Limburq İnkişaf Şurası", "Azərbaycan Niderland Biznes Qovşağı Şirkətləri" və Fontys Universiteti ilə əməkdaşlıq nəzərdə tutulub.

Qeyd edək ki, Almaniya ilə sərhəddə yerləşən Venlo şəhəri çoxsaylı aqro-biznes, "fresh park", tanınmış geyim markaları, elektronika və digər sahələri əhatə edən dünyanın nəhəng şirkətlərinin distribyutor nümayəndəliklərinə ev sahibliyi edir. Əsasən Rotterdam, Antverp və Amsterdam kimi iri limanlardan daxil olan yüklər buradan Avropaya paylanılır.

Report