USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

AZAL beynəlxalq əməkdaşlığını genişləndirir

20.06.2019 İqtisadiyyat
0 0
Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) prezidenti Cahangir Əsgərov Paris şəhəri yaxınlığı Le Burjedə “Paris Air Show 2019” beynəlxalq aviasiya-kosmik salonunun işində iştirak edib, bir sıra danışıqlar aparıb.

Bu barədə "Kommersant.az"a AZAL-dan bildirilib.

"Paris Air Show" kosmik salonu aviasiya və kosmonavtika sahəsində dünya istehsalçılarının müasir məhsullarını nümayiş etdirən ən mühüm və nüfuzlu beynəlxalq sərgilərdən biri və dünyanın ən yaşlı aviasalonudur.

C.Əsgərovun "Boeing Commercial Airplanes"in prezidenti və baş icraçı direktoru Kevin Makalisterlə görüşündə "Boeing" və AZAL arasında tərəfdaşlıq və dostluq münasibətləri yüksək qiymətləndirilib. Tərəflər "Azərbaycan Hava Yolları"na və "Silk Way" aviaşirkətinə yeni geniş füzelyajlı təyyarələrin tədarükünə dair əldə olunmuş razılaşmalara sadiqliyini təsdiqləyiblər.

AZAL prezidenti Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev ilə birgə rəhbərlik etdiyi qurumun möhkəm tərəfdaşlıq münasibətlərinə malik olduğu "Thales Group" şirkətinin baş vitse-prezidenti Erve Dammann ilə məhsuldar danışıqlar keçirib. Tərəflər Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Hava Məkanından İstifadə, Strategiya və İnkişaf üzrə Səmərəlilik Mərkəzinin (ASEC) açılmasından məmnunluq ifadə ediblər. Azərbaycanda "Thales" şirkətinin məhsullarının istehsalı üzrə birgə müəssisənin yaradılması barədə fikir mübadiləsi aparılıb.

Həmçinin Cahangir Əsgərov "L3 Commercial Aviation Solutions" şirkətinin prezidenti Alan Koruford ilə danışıqlar aparıb. Danışıqlar zamanı tərəflər müxtəlif tipli təyyarələr üçün yeni trenajor komplekslərinin tədürükü məsələsini müzakirə ediblər. Bundan əlavə, "L3 Technologies" şirkəti "Azərbaycan Hava Yolları" aviaşirkətinə personalın hazırlığı, uçuş imitasiya kompleksləri, habelə kombinə edilmiş nəzəri və interaktiv tədris proqramları sahəsində ən müasir texnologiyaları təqdim edə bilər.

"Paris Air Show 2019" sərgisi çərçivəsində keçirilən əlamətdar tədbirlərdən biri dünyanın ən yaxşı aviaşirkətlərinin mükafatlandırılması mərasimi - "World Airline Awards" olub. Aviaşirkətlər və hava limanlarının xidmət keyfiyyətinin qiymətləndirilməsi üzrə aparıcı agentlik "Skytrax" ardıcıl olaraq ikinci il "Azərbaycan Hava Yolları"nı Mərkəzi Asiya və Hindistanda ən yaxşı regional aviaşirkət elan edib.

"Bu mükafatın təkrar alınması uçuşlarımızda sərnişinlərə təklif edilən xidmətlərin yüksək keyfiyyətinin ən yaxşı sübutudur. "Skytrax World Airline Awards" mükafatları mülki aviasiyada fərqlənmə nişanı hesab edilir. Mən AZAL-ın bütün sərnişinlərinə bizə göstərdiyi etimada, aviaşirkətin bütün əməkdaşlarına isə yüksək xidmət keyfiyyətini təmin etdiyinə görə minnətdarlığımı bildirmək istəyirəm", - AZAL-ın prezidenti Cahangir Əsgərov bildirib.