Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin “F-35” tipli proqramdan çıxarıla bilməsi ehtimalını şərh edərək qeyd edib ki, Türkiyə bu tip qırıcılar üçün bazar deyil. Bu barədə “Anadolu” nəşrinə istinad edilir.
"Türkiyə "F-35″ tipli qırıcılar üçün bazar deyil, əksinə təyyarələrin yaradılması üzrə proqramın iştirakçısıdır", – deyə Ərdoğan qeyd edib.
"Kommersant.az" xəbər verir ki, Ərdoğanın sözlərinə görə, Türkiyə artıq proqramın reallaşdırılmasına 1,25 milyard dollar ödəyib: "Biz bu proqramdan çıxmaq niyyətində deyilik. Əgər ABŞ tərəfi Ankaranı bu proqramdan çıxarmağa cəhd etsə, Türkiyə beynəlxalq arbitraj məhkəməsinə müraciət edəcək və öz pullarını geri qaytarmağı tələb edəcək".
Xatırladaq ki, iyunun 11-i ABŞ-ın Arizona ştatının "Lyuk" hərbi bazasında "F-35" tipli qırıcı-bombardmanlarında təlim keçən türk pilotlar təlimlərdən uzaqlaşdırılıblar.
Bu qərar Türkiyənin Rusiyadan "S-400" zenit-raket kompleksləri almasından sonra Vaşinqtonla aparılan danışıqlar fonunda verilib.
"Nazirliyə məlumdur ki, türk pilotlar… uçuşlar həyata keçirmirlər", – deyə Pentaqonun rəsmi təmsilçisi Mayk Endryus bildirib.
"Əgər Türkiyə öz siyasətini dəyişməsə, onda biz onun "F-35″ proqramından çıxarılmasıyla bağlı müttəfiqimiz Türkiyə ilə əməkdaşlığımızı sıx şəkildə davam etdirəcəyik", – Endryus vurğulayıb.
Qeyd edək ki, iyunun 8-i Birləşmiş Ştatlar və Türkiyə arasında Rusiya istehsalı olan "S-400" zenit-raket kompleksləri ilə bağlı gərginlik pik nöqtəsinə çatıb. Pentaqon rəhbəri Patrik Şanahan (Patrick Shanahan) "F-35" tipli yeni nəsil qırıcılarla bağlı Türkiyə Müdafiə naziri Hulusi Akara məktub göndərib. Bununla da ABŞ Türkiyənin "F-35" qırıcıları proqramından çıxarılması yolunda ilk addımı atıb. Belə ki, Pentaqon rəhbəri Hulusi Akara yazdığı məktubda "F-35" tipli qırıcılarda təlim keçən türk pilotların 31 iyula qədər proqramdan ayrılacaqlarını və proqram çərçivəsində yeni təlim keçilməyəcəyini qeyd edib.
Məktubda, həmçinin qeyd olunur ki, Türkiyənin Rusiyadan "S-400" müdafiə sistemi almaqdan imtina etməməsi halında Türkiyənin "F-35" proqramından çıxarılmasına istiqamətlənəcək başqa addımların atılacağı da qeyd olunub.