USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Çinin məşhur şirkəti Azərbaycan bazarına gələ bilər

24.07.2019 İqtisadiyyat
0 0
İqtisadiyyat naziri Şahin Mustafayev Çinin “China CAMCE Engineering Co. Ltd.” şirkətinin vitse-prezidenti Vang Yuhanqın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

"Kommersant.az" bu barədə İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.

Azərbaycan-Çin münasibətlərinin qarşılıqlı hörmət və dostluq prinsiplərinə əsaslandığını vurğulayan nazir nazir qeyd edib ki, Azərbaycan və Çin dövlət başçılarının siyasi iradəsi, keçirilən görüşlər və aparılan danışıqlar ölkələrimiz arasında əlaqələrin genişləndirilməsi üçün əlverişli zəmin yaradır. Azərbaycan-Çin iqtisadi-ticarət əlaqələri inkişaf edir, əlverişli biznes mühitinə malik Azərbaycanda müxtəlif sahələr üzrə Çin şirkətləri fəaliyyət göstərir, birgə layihələr reallaşdırılır. Çin şirkətlərinin Azərbaycan iqtisadiyyatına marağının artmasının nəticəsi olaraq, bu ilin aprelində "China CAMCE Engineering Co. Ltd." şirkəti və müvafiq sahələrdə fəaliyyət göstərən Azərbaycan şirkətləri arasında əməkdaşlıq barədə sənədlər imzalanıb.

"China CAMCE Engineering Co. Ltd." şirkətinin vitse-prezidenti Vang Yuhanq Çin iş adamlarının Azərbaycandakı əlverişli biznes və investisiya mühitinə maraq göstərdiyini diqqətə çatdırıb, təmsil etdiyi şirkətin fəaliyyəti, ölkəmizdə həyata keçirilməsi nəzərdə tutulan layihələri barədə məlumat verib.

Görüşdə "China CAMCE Engineering Co. Ltd." şirkəti ilə əməkdaşlıq çərçivəsində Azərbaycanda aqrar-sənaye parkının yaradılması, birgə emal müəssisələrinin təşkili, sənaye parklarında və məhəllərində iştirak, kənd təsərrüfatı və məişət texnikasının istehsalı sahələrinin yaradılması barədə müzakirələr aparılıb.

Azərbaycana səfər çərçivəsində "China CAMCE Engineering Co. Ltd." şirkətinin nümayəndələri Hacıqabul və Sabirabad sənaye məhəllərində sahibkarlar üçün yaradılan əlverişli şəraitlə tanış olublar. Onlara sənaye məhəllərində həyata keçirilən layihələr barədə məlumat verilib.

Mühəndislik, satınalma və tikinti üzrə ixtisaslaşan "China CAMCE Engineering Co. Ltd." şirkəti sənaye, kənd təsərrüfatı, enerji, neft-kimya, su mühəndisliyi, kommunikasiya və dağ-mədən sahələrini əhatə edən 100-dən çox beynəlxalq layihəsinin icraçısıdır. Dünyanın 140 ölkəsində nümayəndəliyi olan şirkətdə 100 minə yaxın işçi çalışır.