Cənub Qaz Dəhlizinə 30 mlrd. dollardan çox vəsait xərclənib
"Kommersant.Az" xəbər verir ki, bunu Bakıda keçirilən 25-ci Beynəlxalq Xəzər Neft və Qaz "Caspian Oil and Gas" konfransında "Cənub Qaz Dəhlizi" QSC-nin baş direktoru Əfqan İsayev bildirib.
Onun sözlərinə görə, ümumi dəyəri 22,7 mlrd. dollar təşkil edən "Şahdəniz -2" layihəsi üzrə aprelin sonuna 17,7 mlrd. dollar xərclənib.
CQD-nin baş direktoru Cənubi Qafqaz Boru Kəməri üzrə xərclərin hesabat dövrünə 4,2 mlrd. dollar təşkil etdiyini, layihənin ümumi dəyərinin isə 4,5 mlrd.dollar olduğunu qeyd edib.
O bildirib ki, Azərbaycan qazının Türkiyəyə və Avropaya nəqli üçün inşa olunan Trans-Anadolu Boru Kəməri (TANAP) layihəsi üzrə xərclərin həcmi aprelin sonuna 5,4 mlrd. dollar təşkil edib: "Layihənin ümumi dəyəri 8 mlrd. dollar təşkil edir. Bu il iyunun 12-də Əskişəhərdə boru kəmərinin istismara verilməsi ilə bağlı mərasim keçiriləcək".
Ə.İsayev Azərbaycan qazının Avropaya nəqli üçün inşa olunan Trans-Adriatik Boru Kəməri (TAP) üzrə 2,9 mlrd. avro xərcləndiyini, layihənin ümumi dəyərinin isə 4,5 mlrd. avro olduğunu bildirib.
Qeyd edək ki, "Cənub Qaz Dəhlizi" QSC ölkə prezidentinin "Şahdəniz qaz-kondensat yatağının istismarının ikinci mərhələsi və Cənub Qaz Dəhlizinin yaradılmasına dair digər layihələrlə bağlı bəzi tədbirlər haqqında" 2014-cü il 25 fevral tarixli sərəncamı əsasında yaradılıb. QSC-nin səhmlərinin 51%-i dövlət mülkiyyəti olmaqla İqtisadiyyat Nazirliyinə, 49%-i isə SOCAR-a məxsusdur. "Cənub Qaz Dəhlizi" QSC Azərbaycandan Avropaya təbii qazın çatdırılması üçün hazırda inşası davam edən, uzunluğu 3 500 km-dən artıq olan və Avropa İttifaqı tərəfindən dəstəklənən Cənub Qaz Dəhlizi beynəlxalq qaz layihəsində Azərbaycanın maraqlarını təmsil edən şirkətdir.