USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

İlham Əliyev: "Bir il ərzində xarici borcumuz 4 faiz aşağı düşüb"

01.08.2019 İqtisadiyyat
0 0
"Yol tikintisi də Azərbaycanda geniş vüsət alıb. Son 15 il ərzində 15 min kilometr yol çəkilib".

Bunu Prezident İlham Əliyev iyulun 31-də sosial-iqtisadi sahə ilə bağlı müşavirədə deyib.

Dövlət başçısı bildirib ki, bu il də kənd yollarının, şəhərlərarası yolların çəkilişi nəzərdə tutulur: "Təxminən, min kilometrə yaxın yolun çəkilişi nəzərdə tutulur. Məndə olan məlumata görə, altı ayda təxminən 400 kilometrə yaxın avtomobil yolu çəkilib. Bu, demək olar ki, Azərbaycanda yol infrastrukturunun tamamilə yenilənməsinə gətirib çıxardı. Təsadüfi deyil ki, Davos Ümumdünya İqtisadi Forumunun hesabatında avtomobil yollarının keyfiyyətinə görə Azərbaycan dünyada 34-cü yerdədir. Əminəm ki, bizim yerimiz daha da irəliləyəcək. Çünki bu sahəyə doğrudan da çox böyük investisiyalar qoyulur və bundan sonra da qoyulacaq.

Mən qeyd etdim ki, bizim büdcə daxilolmalarımız artır. Eyni zamanda, valyuta ehtiyatlarımız artır. Valyuta ehtiyatlarımız rekord həddə çatıb – 49 milyard dollar səviyyəsindədir. Bu, bizim böyük sərvətimizdir, böyük uğurumuzdur. Bu ilin altı ayında valyuta ehtiyatlarımız 4 milyard dollar artıb. Biz bu vəsaitdən çox qənaətlə istifadə edirik. Məhz buna görə hətta böhranlı illərdə, neftin qiyməti aşağı olan illərdə biz öz valyuta resurslarımızı qorumuşuq və artırmışıq. Məqsəd də məhz belə idi ki, biz ildən-ilə öz valyuta ehtiyatlarımızı artıraq və bununla paralel olaraq xarici dövlət borcumuzu da kifayət qədər əhəmiyyətli dərəcədə aşağı sala bilmişik. Bir il ərzində xarici borcumuz 4 faiz aşağı düşüb və təxminən 19 faiz səviyyəsindədir. Bu, dünya miqyasında ən gözəl göstəricilərdən biri hesab olunur. Çünki bəzi ölkələrdə dövlət xarici borcu ümumi daxili məhsuldan da artıq olur, yaxud da ki, ona bərabərdir. Bizdə isə bu, 19 faizdir. Biz bu sahədə bundan sonra da çox diqqətli olmalıyıq. Ancaq strateji əhəmiyyət daşıyan layihələrə kreditlərin alınması mümkündür. Çünki bizim öz daxili imkanlarımız var və biz bu imkanlardan istifadə etməliyik.

İnflyasiya qeyd etdiyim kimi, 2,5 faizdir. Bu, yaxşı göstəricidir". (Report.az)