Kənd Təsərrüfatı Nazirliyi Qurban bayramı ilə bağlı təşkil edilmiş yarmarkada yenilik edib.
"Kommersant.az" xəbər verir ki, sosial dəstək mahiyyəti daşıyan "Kənddən Şəhərə" yarmarkasından artıq onlayn qoyun sifariş vermək mümkündür. Belə ki, nazirlik bayram günü bazarlarda uzun növbələr yaranmasının qarşısını almaq üçün onlayn növbə sistemini yaradıb:
"Vətəndaşlar "Kənddən Şəhərə" saytına daxil olaraq 9 avqust saat 23:59-dək Bakı, Sumqayıt və Abşeron yarımadasındakı satış məntəqələrində online şəkildə növbə götürə və alacaqları qurbanlıq qoyunları öncədən sifariş edə bilərlər. Bunun üçün https://kenddenshehere.az/qurbanliq linkinə daxil olmaq, mövcud xanalar üzrə şəxsi məlumatları qeyd etmək lazımdır. Sifariş qəbul edildikdən sonra vətəndaşın mobil telefonuna təsdiq bildirişi gələcək. Daha sonra vətəndaş yarmarkada xüsusi ayrılmış yerdə "Aqrar Tədarük və Təchizat" ASC-nin əməkdaşına yaxınlaşaraq telefonundakı təsdiq bildirişini göstərməklə növbə gözləmədən sifariş etdiyi qurbanlığı ala biləcək".
Qeyd edək ki, bayram günlərində təşkil ediləcək qurbanlıq qoyunların satış yarmarkası ölkə ərazisində 30 fərqli nöqtəni əhatə edəcək. Satış yarmarkalarından 19-u paytaxt Bakıda təşkil ediləcək. "Kənddən Şəhərə" satış yarmarkasına 20000-ə yaxın qurbanlıq qoyun çıxarılması planlaşdırılır. Qoyunların qiymətləri çəkilərinə uyğun olaraq 160, 170 və 180 manat dəyərində müəyyənləşdirilib.