Hazırda ölkədə qazlaşdırma səviyyəsi ümumilikdə 96%-ə yaxınlaşır.
"Kommersant.az" xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.
Qeyd edilib ki, "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" və "Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nınicrası çərçivəsində bölgələrdə qazlaşdırmaya dair bir sıra addımlar atılıb. "Azəriqaz" İstehsalat Birliyinin həyata keçirdiyi genişmiqyaslı layihələr ilə 15 şəhər və rayonda (Gəncə, Mingəçevir, Naftalan, Sumqayıt və Şirvan şəhərləri, Abşeron, Ağdam, Ağstafa, Balakən, Beyləqan, Biləsuvar, Füzuli, Hacıqabul, Qazax və Ağsu rayonları) qazlaşma səviyyəsi 100%-ə çatıb. Yevlax, Bərdə, Kürdəmir, Tərtər, Ucar, Goranboy və Zərdab rayonlarında yaşayış məntəqələrinin sayına görə qazlaşma səviyyəsi 90%-i ötüb. Bundan başqa, işğaldan azad olunmuş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi təbii qazla tam təmin olunub. Hazırda Bakıda 22 yaşayış məntəqəsinin qazlaşdırlması tədbirləri davam etdirilir. Bölgələrdə isə bu il üçün 33 şəhər və rayonda 13 qəsəbə və 23 kəndin, eləcə də, 26 yeni yaşayış massivinin qazlaşdırılması nəzərdə tutulub. Onlardan 21 məntəqədə açılış baş tutub, 34 yerdə isə işlər tam başa çatdırılıb, istismara hazırdır.