USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Bakı Metropoliteni" Rusiya istehsalı olan daha iki yeni qatarı xəttə buraxıb

22.08.2019 İqtisadiyyat
0 0
"Bakı Metropoliteni" QSC-nin yeni tipli vaqonların sayı 45-ə çatdırılıb.

Bu barədə "Kommersant.az"a QSC-dən bildirilib.

Məlumata görə, Bakı metropoliteni üçün Rusiyanın "Transmaşholdinq" Səhmdar Cəmiyyətinin tərkibinə daxil olan "Metrovaqonmaş" ASC-nin istehsalı olan 10 vaqondan ibarət növbəti iki qatar xəttə buraxılıb.

İyul ayında Bakıya gətirilmiş vaqonlarda ötən müddət ərzində istehsalçı müəssisənin mütəxəssisləri tərəfindən sazlama, tənzimləmə və texniki təlimat tələblərində göstərilən sınaq işləri aparılıb.

81-765.Б/766.Б modelli vaqonlar müasir dövrün tələblərinə uyğun olaraq texnoloji innovasiyalar baxımından 4-cü nəslə aiddir. Sərnişin təhlükəsizliyi və rahatlığına görə dövrün ən son yenilikləri, habelə "Bakı Metropoliteni" QSC-nin bütün texniki tələbləri nəzərə alınmaqla istehsal edilmiş vaqonların istismar müddəti 30 ildir.

Məlumat üçün bildirək ki, 2019-cu il yanvar ayının 31-də "Transmaşholdinq" şirkəti ilə bağlanmış müqaviləyə uyğun olaraq, cari il ərzində Bakı metropoliteni üçün 30 yeni tipli vaqon istehsal olunmalı idi. Onlardan ümumilikdə 10 vaqondan ibarət iki qatar tərkibi iyun ayının 4-də Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlunun və "Bakı Metropoliteni" QSC-nin sədri Zaur Hüseynovun iştirakı ilə Bakıya yola salınaraq, iyul ayının 2-də sazlama və sınaq işlərindən sonra xəttə buraxılıb.

Cari il üçün nəzərdə tutulmuş 10 vaqondan ibarət son iki qatar isə avqust ayının sonuna kimi Bakıya gətiriləcək. Sentyabr ayında həmin qatar tərkibləri də müvafiq sazlama, tənzimləmə və sınaq işlərindən sonra xəttə buraxılacaq. Bununla Bakı metropoliteninin xətlərində innovasiyalar baxımından 4-cü nəslə mənsub vaqonların sayı 55-ə çatdırılacaq.