USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Baytarlıq problemləri müzakirə olunub

01.06.2018 İqtisadiyyat
0 0
Dövlət Xidmətində qarşıda duran vəzifələrə həsr edilmiş tədbir keçirilib

31 may 2018-ci il tarixdə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətində(DBNX) Dövlət Xidmətinin və onun tabeliyində olan Epizootiya və Zoonoz xəstəliklər Əleyhinə Respublika Ekspedisiyası əməkdaşlarının iştirakı ilə qarşıda duran vəzifələrə həsr edilmiş tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisi vəzifəsini müvəqqəti icra edən Bayandur Rzayev bildirib ki, bu gün qarşıda duran ən ümdə məsələ ölkədə epizootik sabitliyin qorunub saxlaması və heyvandarlığın inkişafında nəzərdə tutulmuş hədəflərə nail olmaqdır.

Belə ki, Dövlət Xidməti öz fəaliyyətlərini günün tələblərinə-aqrar sahənin dinamik inkişafına, innovasiyaların tətbiqinə yönəltməlidir. Kənd təsərrüfatının intensiv inkişafı, baytarlıq xidməti ilə təsərrüfatların əlaqələrinin genişləndirilməsi, yerlərdə baytarlıq mütəxəssislərinin bilik və təcrübələrindən geniş formada istifadə edilməsi müasir dövrün tələbləridir.

B.Rzayev baytarlıq qurumlarının qarşılaşdığı problemlərə toxunaraq qeyd etdi ki, köçkün rayonların vətəndaşlarına məxsus heyvanların peyvənd edilməsi sahəsində yaranan müəyyən çətinliklər, dövlət tərəfindən verilmiş vaksinlərin "soyuq zəncir" prinsipinə uyğun heyvanlara tətbiqində yaranan gecikmələr aradan qaldırılmalı, rayon (şəhər) baytarlıq idarələrinə ezam edilən baytarlıq mütəxəssislərinin yerlərdə göstərdikləri köməkliklər, xidmətin maddi-texniki təminatının və əhalinin heyvan xəstəliklərinə qarşı aparılan peyvəndləmələrin vacibliyi sahəsində maarifləndirmələrə diqqət artırılmalıdır. Həmçinin qeyd edib ki, yerlərdə heyvandarlarla tez-tez görüşlər keçirilməli, əhali arasında baytarlıq sahəsində görülən işlərin təbliğ-təşviqatı aparılmalı, fermerlərin qarşılaşdığı problemlər yerində araşdırılmalı və lazımi tədbirlər görülməlidir.

B.Rzayev qeyd edib ki, ölkədə bir sıra sahələrin, o cümlədən aqrar sahələrin inkişafı ilə bağlı dövlət proqramı qəbul olunub. Bu dövlət proqramının həyata keçməsində baytarlıq mütəxəssisləri üzərlərinə düşən vəzifənin öhdəsindən layiqincə gəlməlidirlər.

B.Rzayev onu da vurğulayıb ki, Dövlət Xidmətin əməkdaşları günün tələbləri səviyyəsində fəaliyyət göstərməli, innovasiyaların tətbiqi sahəsində bilik və bacarıqlarını artırmalı, tez-tez fermalarda, heyvan sahibləri ilə sıxı ünsiyyətdə olmalı, eləcə də qarşıya qoyulan hədəflərə çatmaq üçün müasir iş prinsipindən düzgün istifadə etməlidirlər.

Tədbirin sonunda geniş fikir mübadiləsi aparılıb və respublikanın epizootik sabitliyinin saxlanılması sahəsində görüləcək tədbirlər barədə müvafiq tapşırıq və göstərişlər verilib.