USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycanda oturub, dövlət dilini saymayan xarici şirkətlər...

19.09.2019 İqtisadiyyat
0 0
"Bu telefon nömrəmiz beynəlxalq nömrə olduğu üçün beynəlxalq dillərdə fəaliyyət göstərir. Ona görə Azərbaycan dilində xidmət yoxdur”.

"Kommersant.az" xəbər verir ki, bu sözləri Qaynarinfo-ya Türk Hava Yollarının qaynar xəttində Azərbaycan dilində sistem olmaması ilə bağlı məsələyə münasibət bildirən qurum işçisi bildirib.

Məsələni araşdırmaq üçün Türk Hava Yollarının qeyd olunan nömrəsi ilə əlaqə saxladıq. Rus dilində cavab verən xanım işçi bu xəttin beynəlxalq nömrə olduğu üçün sistemin rus və ingilis, həmçinin təmsil etdiyi Türkiyənin rəsmi dili üzərində qurulduğunu bildirdi.

"Bəs ofisi Azərbaycanda yerləşən quruma bu dillərin heç birində bilməyən Azərbaycan vətəndaşı zəng edərsə, necə danışsın", - sualına isə işçi birmənalı cavab verə bilmədi.

Ümumiyyətlə, ölkəmizdə yerləşən xarici şirkətlər üçün dövlət dilindən istifadə ilə bağlı hansısa qanun tərtib olunubmu?

AMEA Nəsimi adına Dilçilik İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent Baba Məmmədli Qaynarinfo-ya açıqlamasında bildirib ki, dövlət dili ilə bağlı qanuna əsasən, qurumlarda xidmət ilk növbətə Azərbaycan dilində göstərilməlidir:

"Bütün qurumlarda xidmət ilk olaraq dövlət dilində göstərilməlidir. 30 sentybar 2012-ci il tarixində dövlət dili ilə bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb, qanun qəbul edilib. Qəbul olunan qanuna əsasən, reklamlardan tutmuş məlumatlandırma xidmətlərinəcən də ilk növbədə dövlət dili qeyd olunmalıdır, daha sonra digər dillərdə ola bilər. Konstitusiyamızın 21-ci maddəsində dövlət dili Azərbaycan dili olaraq qeyd olunub. Qeyd etdiyiniz vəziyyət isə dövlət dili qanununun pozulması deməkdir".

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Monitorinq şöbəsinin müdiri, filologiya elmləri doktoru Qulu Məhərrəmli dövlət diliylə bağlı qanunun pozulmasının qarşısının alınması üçün monitorinq mərkəzinin yaradılacağını və bu kimi halların araşdırılacağını bildirib:

"Azərbaycanda dövlət dili Azərbaycan dilidir. Hesab edirəm ki, hansı miqyasda beynəlxalq şirkət olmasından asılı olmayaraq, istəyir ingiliscə, almanca cavab versin, ancaq ilk növbədə Azərbaycan dili ilə xidmət göstərilməlidir. Onların bu cür davranışı dövlət dili haqqında qanunu pozmaqdır. Azərbaycan dilində də cavab ver, daha sonra lazım olarsa, ingilis və ya başqa dillərə keç. Elan versin ki, ingilis dilində istəyirsinizsə, ikinci düyməni sıxın, alman dilini istəyirsizsinizsə, üçüncü düyməni və s... Yəni vəziyyətdən çıxış yolu var. Ancaq Azərbaycanda, onun paytaxtında oturub, onun dilinə sayğısızlıq göstərmək olmaz. Onların xidmət dili də, elanları da, vurduqları lövhələr də dövlət dilində olmalıdır. Azərbaycan xalqına, Azərbaycan dövlətinə, Azərbaycan dilinə bu cür davranış hörmətsizlikdir. Əks davranış isə qayda-qanunun pozulması deməkdir. Bu qayda pozuntusunda inzibati və ya cinayət cəzasından söhbət getmir. Qurumlar qanuna dəvət olunmalıdır. Dövlət Dil Komitəsinin nəzdində monitorinq mərkəzi yaradılır. Bu komissiya belə problemlərlə məşğul olacaq".

Qeyd edək ki, Türk Hava Yollarının Bakıda yerləşən ofisinin əlaqə nömrəsində Azərbaycan dili seçiminin yoxluğu, ancaq rus, ingilis və türk dilində olması narazılıqlara səbəb olub. Bu, həm də Azərbaycan dili ilə bağlı qanunların pozulmasına yol açıb. Şirkətin mediaya göndərilən press-relizləri belə Azərbaycan dilində olmur.