Bakı Nəqliyyat Agentliyinin uşaqların təhlükəsiz hərəkəti üçün başladığı layihə yekunlaşıb.
Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsindən "Kommersant.Az"-a bildiriblər ki, piyadaların, xüsusən də uşaqların və məktəblilərin təhlükəsiz, eləcə də rahat hərəkətinin təmin edilməsi, paytaxt yollarında bunun üçün əlverişli mühitin yaradılması Bakı Nəqliyyat Agentliyinin önəm verdiyi əsas məsələlərdəndir. Bu çərçivədə müxtəlif layihələr işlənib hazırlanaraq icra edilməkdədir. Şəhərimiz üçün yenilik olan və mühüm sosial əhəmiyyətə malik pandusların quraşdırılması layihəsinin də bir hədəfi məhz uşaq arabası ilə olan şəxslərin rahat hərəkəti üçün əlverişli infrastrukturun yaradılmasıdır.
"1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günündə bu məqsədlə başladığımız daha bir layihəmiz uğurla yekunlaşıb. Bakı Nəqliyyat Agentliyinin Təhsil Nazirliyi ilə birgə 189 və 190 nömrəli orta məktəblərin ətrafında başladığı pilot layihənin icrası başa çatdırılıb. Ərazidə yol hərəkəti şəraiti yaxşılaşdırılıb, piyadaların, xüsusilə də uşaqların təhlükəsizliyinin təmin edilməsi üçün zəruri infrastruktur təşkil edilib. Layihə çərçivəsində məktəb binasının ətrafında sürət həddi 30 kilometr/saata endirilib, bəzi küçələrdə parklanma yerləri ləğv edilib, piyadaların, xüsusən də şagirdlərin təhlükəsizliyi üçün səkilərdə məhəccərlər quraşdırılıb. Yeni piyada keçidləri təşkil edilərək panduslar inşa edilib. İlk dəfə olaraq hərəkətin təhlükəsizliyinin artırılması nəzərə alınaraq yolda xüsusi nişanlanma işləri (YAVAŞ, MƏKTƏB) də görülüb", - deyə məlumatda bildirilir.
Qeyd edək ki, analoji şəraitin paytaxtın ərazisindəki digər təhsil müəssisələrinin ətrafında da yaradılması nəzərdə tutulub. Bununla əlaqədar Bakı Nəqliyyat Agentliyinin mütəxəssisləri müvafiq təhlillər aparır.