Bu gün kütləvi informasiya vasitələrinin bir qrup nümayəndəsinin Azərbaycanın Rusiya Federasiyası ilə dövlət sərhədində yerləşən Xaçmaz Gömrük İdarəsinin "Samur" gömrük postuna səfəri təşkil edilib.
"Kommersant.Az"ın"APA Economiks"ə istinadən məlumatına görə, məqsəd media nümayəndələrinə gömrük prosedurlarının Vahid Avtomatlaşdırılmış İdarəetmə Sistemi (VAİS) ilə idarə olunmasını, sərhədkeçmə prosesini, gömrük nəzarəti prosedurlarını əyani şəkildə nümayiş etdirmək, bu proseslərin icrası zamanı şəffaflığın tam təmin olunduğu barədə məlumatlandırmaq olub.
Media nümayəndələrinə məlumat verilib ki, gömrük postunda bütün proseslər informasiya-kommunikasiya texnologiyalarının tam tətbiqi ilə minimum vaxt ərzində, asan və şəffaf şəkildə həyata keçirilir. Ölkənin gömrük ərazisinə daxil olan nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanı xüsusi müşahidə kameraları ilə VAİS-ə daxil edilir və nəqliyyat vasitəsinin çəkisi müəyyən edildikdən sonra "bir pəncərə" sistemi vasitəsilə qeydiyyat işləri qısa zamanda başa çatdırılır. Fiziki baxış keçirildikdən sonra isə mexaniki-elektron kilidlə (GPS) təmin edilən nəqliyyat vasitəsi təyinat gömrük orqanına yola salınır və bu proses avtomobil və yükə dair sənədlər qaydasında olduğu halda 15 dəqiqə ərzində yekunlaşdırılır.
Media nümayəndələri ixrac gömrük nəzarət xəttində həyata keçirilən əməliyyatlarla da tanış olublar. Bildirilib ki, ölkənin kənd təsərrüfatı sahəsində ixrac potensialının artımı nəzərə alınaraq, Rusiya Federal Gömrük Xidməti ilə əldə edilən razılığa əsasən, bu ölkəyə tez xarab olan kənd təsərrüfatı məhsullarını daşıyan nəqliyyat vasitələri maneəsiz və sürətli şəkildə gömrük yoxlamasından keçirilir. O da bildirilib ki, hər gün "Samur" gömrük postundan minə yaxın avtomobilin keçidi təmin olunur.