Bakı Nəqliyyat Agentliyinin (BNA) metronun "Koroğlu" stansiyasının çıxışında indiyə qədər Nəqliyyat Mübadilə Mərkəzi (NMM) kimi istifadə etdiyi ərazi Milli Gimnastika Arenasına (MGA) təhvil veriləcək.
"Kommersant.az" xəbər verir ki, bu barədə BNA-nın mətbuat xidmətindən məlumat verilib.
Onun sözlərinə görə, həmin ərazi MGA-ya məxsus parklanma yeridir və indiyə qədər alınmış icazə əsasında müvəqqəti istifadə olunub. Ötən gün açılışı olmuş yeni NMM-in bir həftədən sonra vətəndaşların istifadəsinə verilməsi gözlənilir. Bununla da, MGA-nın ərazisindən istifadə etməyə ehtiyac qalmayacaq.
Xatırladaq ki, yeni "Koroğlu" NMM ümumilikdə 3 hektar ərazidə yerləşir. Mərkəz Bakıətrafı kənd və qəsəbələrə hərəkət edən 30-dan çox marşrut xəttini özündə cəmləşdirəcək.