USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycanda harada dincəlmək olar? - FOTOLAR

02.06.2018 İqtisadiyyat
0 0
Yay mövsümündə ecazkar təbiət, mülayim dəniz və təmiz hava turistləri Azərbaycana cəlb edir. Onlar böyük məmnuniyyətlə Abşeron və Nabran çimərliklərinə gedir, qayıq, kater və teploxodda gəzintiyə çıxır, katamaran və su xizəyi sürürlər.

"Kommersant.Az" bildirir ki, Azərbaycanda Xəzərin sahilboyu ərazilərində, meşələrdə və dağlarda yerləşən istirahət və əyləncə məkanları günəşi, dənizi və qumu, təbiətin qoynunda seyrə çıxmağı və ağacların arasında cığırlarda gəzməyi, şəlalə altında çimməyi və atçılıq turlarını sevənlərə unudulmaz anlar yaşadacaq. Ölkəmizin bir çox turizm bölgələrində xeyli sayda müalicəvi termal və mineral bulaqlar var.

Çimərlik istirahəti

Azərbaycanın mülayim iqlimi çimərlik mövsümünün iyundan sentyabrın sonunadək davam etməsinə imkan yaradır. Ölkənin paytaxtı Bakı şəhəri Mərdəkan, Zuğulba, Bilgəh, Buzovna, Nardaran, Şıx, Novxanı, Pirşağı, Dübəndi və digər çoxsaylı kurort-çimərlik zonaları ilə əhatə olunub. Son illər bu yerlərdə müasir standartlara uyğun rahat otellər tikilib, özəl çimərliklər açılıb. "Bilgah Beach Hotel", "Sea Breeze", habelə ailəvi istirahət kompleksləri "AF Hotel-Aqua Park", "The Crescent Beach Hotel" və digərləri istirahətə gələnlərin sevimli məkanlarıdır. Paytaxtda və onun ətrafında bir neçə akvapark, o cümlədən Mərdəkan qəsəbəsində mənalı istirahət keçirməyə imkan verən "Dalga Beach" açılıb.

Ərazisi və abadlığı baxımından Xəzər dənizi sahilində Muxtadır qəsəbəsindən Nabranadək uzanan ikinci istirahət məkanı Xaçmaz rayonundadır. Burada dənizin sahilinədək yayılmış sıx meşələr faydalı istirahət üçün bənzərsiz ekoloji sistem yaradır.

Vaxtını gözəl keçirməyə imkan verən çoxsaylı turist bazaları və pansionatlar, müxtəlif səviyyəli otellər və əyləncə mərkəzləri Nabranı regionun bir çox dövlətlərindən gələn turistlər üçün cəzbedici məkana çevirib.

Vitaminli menyu

Yay fəsli Azərbaycanda bolluq və səxavətli təbiət dövrüdür. Təzə meyvə, giləmeyvə, göyərti və tərəvəzlərin bolluğu ağzının dadını bilənlərə bütün il üçün vitamin ehtiyatı yaratmaq imkanı verir. Sulu şaftalı, ərik, gilənar, armud, alma, həmçinin qarağat, moruq yaxud motmotu giləmeyvələri insanı cəlb edir. Şirin qarpız və ətirli qovunlardan isə qətiyyən vaz keçmək olmaz, qızmar havada onlara tələbat daha artır. Soyudulmuş bu meyvələri dənizkənarına, yaxud təbiətin qoynunda istirahətə gedənlərin özləri ilə aparması daha xoşdur. Bolluq və münasib qiymətlər zəngin vitamin və yaxşı əhval-ruhiyyə mənbəyi olan şirələr, kokteyllər, smuzlar və meyvə şərbətlərini gen-bol içməyə imkan verir. İstirahətin sonunda isə gül, ağ gilas və şaftalı mürəbbələri almağı unutmayın. Onlar Azərbaycanda keçirdiyiniz ecazkar yay istirahətini hələ uzun müddət sizə xatırladacaq.

Bişirildiyi zaman öz təbii dadını itirməyən yerli ərzaqlardan hazırlanmış yay təamları dadlı yemək həvəskarlarının xoşuna gələcək. Son zamanlar daha çox əcnəbi qonaq Azərbaycan kulinarlarının reseptlərində olan bu xüsusiyyəti qeyd edirlər. Bu, hər şeydən əvvəl, təbiətin qoynunda quzu, balıq, quş və ov quşlarının ətindən bişirilən yay kabablarına aiddir. Azərbaycanda kababxana italyan tavernası, slavyan aşxanası, fransız bistrosu, yapon kiçik balıq restoranından heç də az məşhur deyil.

Burada bütün xörəklərin yanında mütləq menyuda fəxri yer tutan pendir, göyərti, turşular təqdim edilir.

Qəbələ Beynəlxalq Musiqi Festivalı

2009-cu ildən hər yay (iyulun sonundan avqustun əvvəlinədək) Qəbələ Beynəlxalq Musiqi Festivalı ölkəyə gələn qonaqlar və turistlər, həmçinin yüksək incəsənət pərəstişkarları üçün bir cazibə mərkəzinə çevrilib.

Festival Heydər Əliyev Fondunun təşəbbüsü və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilir. Musiqiçilər açıq səma altında və konsert zallarında çıxış edirlər. İki ildən bir Beynəlxalq Piano Müsabiqəsi də təşkil edilir.

Qəbələ Beynəlxalq Musiqi Festivalında dünyanın müxtəlif ölkələrindən adlı-sanlı musiqiçilər iştirak edirlər. Burada Yohannesburq Simfonik Orkestri, Vyana Kamera Musiqisi Ansamblı, Qüds Simfonik Orkestri, London Kral Filarmoniyası Orkestri və digər məşhur kollektivlər çıxış ediblər.

Parklar və qoruqlar

Bakının park və bağlarında gəzinti sizdə ən xoş təəssüratlar yarada bilər. Qədim Filarmoniya bağı, Zabitlər parkı, Molokan bağı və şəhərin mərkəzindəki digər bağlar gözəlliyi və abadlığı ilə seçilir. Dünya florasının müxtəlif növlərinin toplanıldığı Botanika bağı və Mərdəkan dendrarisi də maraqlı məkanlardır. Şəhərin mərkəzində müasir standartlara uyğun yenidən qurulmuş funikulyor da fəaliyyət göstərir.

Ekskursiya həvəskarları Bakı turu zamanı "İçərişəhər", Şirvanşahlar Sarayı, "Qala" Arxeologiya-Etnoqrafiya Muzey Kompleksi, Qobustan Dövlət Tarix-Bədii Qoruğu, "Atəşgah məbədi" Dövlət Tarix-Memarlıq Qoruğu kimi tarixi-memarlıq abidələri və turizm obyektlərini, habelə şəhərin digər görməli yerlərini ziyarət zamanı maraqlı məlumatlar öyrənəcəklər.

Bakı gecələri

Axşam vaxtı Bakı ən müasir filmlərdəki meqapolisə bənzəyir. Dənizkənarı Bulvar ölkəyə səfərinin məqsədindən asılı olmayaraq Azərbaycan paytaxtında gələnlər üçün ən cəlbedici məkandır. Möhtəşəm landşaft tərtibatı, kölgəli xiyabanlar, ləzzətli dondurma, çərəz və bütün qəlyanaltı növləri təklif edilən rahat kafelər, çayxanalar, yaxt-klub, uşaqlar və böyüklər üçün attraksionlar, "Park Bulvar" Ticarət-Əyləncə Mərkəzi Dənizkənarı Bulvarda yaxşı istirahət ab-havası yaradır. "Eurovision-2012" mahnı müsabiqəsi ərəfəsində istifadəyə verilmiş "Baku Crystal Hall" bərq vuran neon işıqları ilə Dənizkənarı Milli Parkın əsl bəzəyinə çevrilib.

İSTƏNİLƏN MƏQSƏD ÜÇÜN KREDİTƏ MÜRACİƏT EDİN

Potensial turistlərin Azərbaycan paytaxtında qonaq qəbul edən ən müxtəlif kateqoriyalı otellərin xidmət göstərdiyini bilməsi maraqlı olar; dəbdəbəli otellər, habelə ecazkarlığı, qeyri-adiliyi, ailəvi olması və hətta romantikliyi ilə seçilən otellər, butik-otellər.

Ovçuların diqqətinə

Bərəkətli və məhsuldar Azərbaycan torpağı öz nemətlərini, o cümlədən ov ətini insanlarla səxavətlə paylaşır. Respublikanın faunasında olan vəhşi heyvanlar və quşlar, o cümlədən endemiklər (Qafqaz turu) onların məskunlaşdığı yer, spesifik iqlim şəraiti, xarakterik davranış baxımından bir sıra xüsusiyyətlərə malikdirlər.

Qeyd edək ki, ölkə ərazisində ov etməyə yalnız Ekologiya və Təbii Sərvətlər Nazirliyinin qərarı ilə açılan ov mövsümündə və bunun üçün ciddi şəkildə müəyyən olunmuş yerlədə, habelə regionlardakı ov təsərrüfatlarında icazə verilir. Yay aylarında Azərbaycanda Qafqaz (Dağıstan) turunun, cüyür, dağkeçisi, tülkü, suda üzən vəhşi quşların ovu geniş yayılıb. Növlərin siyahısı hər il dəyişə bilər və dəqiq informasiya üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət etmək lazımdır (http://eco.gov.az/).

Ov heyvanlarının hər növünün müəyyən ovlama üsulları (qovmaqla, tələ qurmaqla, tazı və tula ilə), habelə spesifik metodları (güdmək və müşahidə etməklə və s.) var. Bu xüsusiyyətləri bilmək uğurlu ov üçün təminat verir, Azərbaycan təbiətinin zənginliyini və gözəlliyini lazımınca qiymətləndirməyə şərait yaradır.

Müxtəlif vaxtlarda Şamaxı, Şəki, Oğuz, Qax, Quba, İsmayıllı və respublikanın digər rayonlarında ova çıxmaq olar. Lakin nəzərə almaq lazımdır ki, ovun təşkil edilməsi üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən verilən lisenziya tələb edilir.

Qızmar yay turları

Yay fəsli Azərbaycanın hər yerində səyahət üçün əlverişli vaxtdır. İsti iqlim, mülayim dəniz, ucsuz-bucaqsız yaşıllıq, istirahət və müalicə üçün imkanlar burada hər kəsə öz məzuniyyətini ürəyincə keçirməyə şərait yaradır. Turizm şirkətlərinin əksəriyyəti bu mövsümdə ölkənin bölgələrinə maraqlı və sərfəli turlar təklif edir. Avqustda istirahət üçün daha populyar istiqamətlərdən bir neçəsini təqdim edirik.

Avqust ayı təbiətin qoynunda istirahət üçün ən əlverişli vaxtdır. Azərbaycanın meşə, dağətəyi, yüksək dağ rayonlarında piyada yürüşləri və səyahət üçün təqdim edilən 1–14 günlük çoxlu marşrutlar sizin macəraya olan həvəsinizi tamamilə təmin edə bilər. Təcrübəli təlimatçıların rəhbərliyi ilə siz Şahdağ Milli Parkına dağ yürüşü edə bilərsiniz. Burada ölkənin ən yüksək zirvələri – Bazardüzü dağı (4466 metr), Şahdağ dağı (4243 metr), Tufandağ və digərləri yerləşir.

Ekstremal şəraitlə üzləşməyin digər yolu "Qobustana "Jeep"-safari" (Böyük Qafqazın cənub-şərq meşəsiz dağlıq ərazisi) birgünlük marşrutuna qoşulmaqdır. Marşrutun ümumi uzunluğu 250 kilometrdir. Siz nadir qayaüstü rəsmlər – petroqliflər və bu qoruğun ərazisində aşkar edilmiş qədim insan məskəni ilə tanış ola bilərsiniz.

Həmçinin "Jeep" və xüsusi motosikletlərdə 700 kilometr uzunluğunda Baş Qafqaz dağ silsiləsində Salavat aşırımından (1620 metr) keçən "Təkərlər üzərində adrenalin" çoxgünlük turunda da iştirak edə bilərsiniz.

"Şəkinin xalq sənətkarlarının yaradıcılığı" ikigünlük turunun iştirakçıları isə dağın ətəyində yerləşən bu ecazkar şəhərdə yaxşı istirahət etməklə yanaşı, yerli kulinarların köməyilə regional mətbəxin xörəklərinin hazırlanması ustalığına yiyələnə bilərlər. Bundan başqa, turistlər şəbəkə ustalarının pəncərə düzəltməsi, habelə kəlağayının istehsalı prosesi ilə tanış olmaq imkanı əldə edəcəklər.

Naftalanda – eyniadlı unikal müalicəvi neftlə məşhur olan balneoloji kurortda ruhi müvazinəti və sağlamlığı bərpa etmək olar. Naftalan vannaları yüz il əvvəl tətbiq edilməyə başlanıb və bu dövrdə Azərbaycanda Naftalan nefti vasitəsilə dayaq-hərəkət aparatı, əsəb sistemi, dəri və bir çox xəstəliklərin müalicəsində uğurla həyata keçirilən sağlamlaşdırma metodikası formalaşıb. Avqustda Naftalandakı bir çox sanatoriya tam 14 günlük pansion və müalicə üçün endirimlər təklif edir. Onlardan "Sehrli Naftalan" (adambaşına 490 manatdan başlayaraq), "Möcüzəvi Naftalan" (560 manatdan), "Qashaltı Rixos" (690 manatdan), "Çinar Hotel & SPA Naftalan" (775 manatdan) istirahət-müalicə məkanlarını göstərmək olar.

1 GÜNƏ KREDİT ALIN!

Balıqçılıq həvəskarları uzağa getmək məcburiyyətində deyillər. Sizə Bakı və Abşeron arxipelaqında sahildə, yaxud qayalarda balıq tutmaq imkanı yaradılacaq. Yeri gəlmişkən, xüsusi rəngarənglik axtarışında olanlar respublikanın bölgələrində mənzərəli çay və göllərə də yollana bilərlər.

Sərin dağ kəndləri

Azərbaycanda yay mövsümünün ən qızmar çağında havanın hərarəti müsbət 26-30 dərəcə təşkil edir. Sərin havaları üstün tutanlar bu dövrdə ölkənin dağ kəndlərinə maraqlı səyahətə yollana bilərlər.

Qax şəhərinin (Bakıdan 345 kilometr məsafədə) 12 kilometrliyində dəniz səviyyəsindən 1400-1600 metr yüksəklikdə yerləşən mənzərəli İlisu dağ kəndində havanın temperaturu bəzən Aran kəndlərindən 10 dərəcə aşağı olur. Kəndin ətrafındakı termal kükürd mineral suları müalicəvi əhəmiyyətə malikdirlər. İlisunun yaxınlığından adlarını suyun rəngindən almış iki çay – Qaraçay və Ağçay keçir. Qaraçayın dayaz yerindən keçdikdə eyniadlı şəlaləyə zövqlə tamaşa etmək olar. Əlçatmaz yerdə olan bu şəlaləni ətrafındakı təbiət öz ilkin gözəlliyini qoruyub. Azərbaycanda ən yüksək hesab olunan Ram-Rama şəlaləsi də burada yerləşir.

Quba rayonunda (Bakıdan 168 kilometr aralı) dəniz səviyyəsindən 2500 metr yüksəklikdə, dağın zirvəsində yerləşən Xınalıq kəndinə səyahət zamanı siz sərin havadan zövq almaqla yanaşı, unikal mədəniyyətlə də təmasda ola bilərsiniz. Bu qədim kəndin əhalisi özünün xüsusi dili ilə ayrıca etnoqrafik qrupa aiddir. Kənddə 200-300 yaşı olan 380 ev var. Xınalıq sakinləri ənənəvi həyat tərzini qoruyub saxlayıblar. Onların əsas məşğuliyyəti qoyunçuluq olduğundan, burada toxuculuq sənəti geniş yayılıb. Xınalıq təkcə öz qədim ənənələri ilə deyil, həmçinin bu yerlərdə qar adamının görünməsi ilə tanınır. Bu yerlərdə olduğunuz zaman hadisənin şahidi – ovçu Babaəli Babaəliyevdən geniş məlumat ala bilərsiniz.

Azərbaycanın ən yüksək dağ turizm mərkəzi "Suvar" istirahət zonasıdır. Bu mərkəz Qusar rayonunda (Bakıdan 180 kilometr aralıda) Laza kəndi yaxınlığında dəniz səviyyəsindən 1850 metr yüksəklikdə yerləşir. Kompleksin ətrafındakı dağ dərəsində 2000 metr yüksəklikdən qoşa şəlalə adlanan Laza və Şahnabat şəlalələri tökülür. Yayda bu şəlalələr turistlərə sərin hava bəxş edir, qışda isə donmuş halda buza dırmanma həvəskarları və burada yarışlar keçirən alpinistlərin sevimli məkanına çevrilir.

"Suvar" kompleksindən 2 kilometrlik məsafədə yerləşən heyrətamiz Laza kəndində dağların arasında ləzgilər yaşayır. Burada qədim evlərə, məscidə baxmaq, ləzgilərin adət-ənənələri və milli mətbəxi ilə tanış olmaq mümkündür.

Bir sözlə, yay mövsümündə Azərbaycana gəlin və siz bu unudulmaz səyahətdən bütün ilboyu gümrah olmanız üçün enerji ilə qayıdacaqsınız.

© AzərTac