"İndiyə qədər mən bu barədə danışmamışam. Amma görürəm ki, artıq danışmaq lazımdır".
"Kommersant.az" bildirir ki, bu sözləri Azərbaycan Respublikasının ilk təhsil naziri Firudin Cəlilov ölkədə test üsulunun tarixçəsi ilə bağlı suala cavab verərkən bakupost.az-a deyib.
O, hələ keçmiş baş nazir Rəhim Hüseynovun müavini işlədiyi vaxtda bu haqda düşündüyünü bildirib:
"Mən Rəhim Hüseynovun vaxtında Baş nazirin müavini işləyirdim. İnstitutlar, məktəblər mənim kurasiyamda idi. Mən də test imtahanlarını gətirmək istəyirdim, amma bu çox ağır bir məsələ idi. Sərəncam verdim, qəbul imtahanlarını dayandırdılar ki, testə keçək. Sərəncamımdan bir ay sonra Elçibəy hakimiyyətə gəldi. Ona dedim ki, bu, artıq mənim səlahiyyətimdə olan bir iş deyil. Prezident sənsən, ya "hə" de, ya "yox". Razılıq vermədi. Orada bizim Elçibəylə möhkəm davamız oldu. Bu söhbətdə Pənah Hüseyn, İsa Qəmbər, Arif Hacılı, İxtiyar Şirin də iştirak edib. Amma 30 ildə birinin qeyrəti çatıb bu barədə danışmadı. Heç kim etiraf etmədi ki, test üsulunu təhsilə Vurğun yox, Firudin gətirib".
Firudin Cəlilov Əbülfəz Elçibəyin sonradan buna necə razılıq verdiyini danışıb:
"Sonra mən sınaq kimi 2000 tələbəni testdən keçirib göndərdim Türkiyəyə. Bu, xalqda yaxşı bir ovqat yaratdı. İnsanlar artıq inandılar ki, test daha ədalətli imtahan üsuldur. Yalnız ondan sonra Elçibəy Pənah Hüseynovu yanıma göndərdi ki, test üsulu təsdiqlənsin. Vurğun Əyyubla Misir Mərdanovu Türkiyəyə göndərdim ki, gedin o sənədlərin hazırlanma qaydasını öyrənin. Tələbə Qəbulu Komissiyasını yaratdım. Elçibəy dedi, ora kimi sədr qoyaq? Vurğunu dedim. Burda da mənimlə razılaşmadı ki, Vurğun olmasın, başqa adam olsun. Mən sözümün üstündə durdum, dedim, yalnız Vurğun ola bilər. Çünki o, çox prinsipial adam idi. Mənə də belə adam lazım idi ki, gördüyüm işin nəticəsini əldə edə bilim. Elçibəyi heç cür razı sala bilmədim, ona görə də qapını çırpıb çıxdım. Həmin dövrdə Elçibəylə küsülü qaldıq. 3-4 gün sonra yenə Pənahı yanıma göndərdi ki, yaxşı, o deyən olsun, Vurğunu sədr təyin edək. Və elə həmin gün Vurğunun əmri verildi. Heç Vurğunun özünün bu barədə xəbəri yox idi. Rəhmətlik özü də müsahibələrində deyir ki, əmrimlə bağlı xəbəri televizordan eşitdim. 1993-cü ildən 2005-2006-cı ilə qədər "Yeni Musavat" qəzeti həmişə yazırdı ki, Azərbaycana testi Vurğun gətirib. İndi o dünyasını dəyişib, Allah rəhmət eləsin. Üstünə də getmədim bu söhbətlərin o zaman. Amma indi hər şeyin əslini hamı bilməlidir. Vurğun on gün işə çıxmadı. Axırda çağırdım ki, Fərmanın verilib, gəl təhvil-təslim edək, işinə başla. Dedi, mən istəmirəm. On gün ərzində onun işini mən gördüm. Nəhayət ki, son illərdə Vurğun Əyyub da, Misir Mərdanov da müsahibələrində etiraf etdi ki, test imtahanı Firudinin ideyası idi".
Xatırladaq ki, Azərbaycan Dövlət Tələbə Qəbulu Komissiyasının ilk sədri olmuş Vurğun Əyyub bu il sentyabrın 24-də dünyasını dəyişib.