Taxıl zəmiləri biçildikdən sonra kövşənləri yandıranlar cərimələnəcəklər
"Kommersant.Az" AZƏRTAC-a istinadən xəbər verir ki, ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev bir santimetr humus qatının formalaşması üçün uzun zamanın lazım olduğunu qeyd edib. O deyib: "Humus qatı torpağın əsas orqanik, yəni, üzvi maddələr olan mənbəyidir. Quraqlıq dövründə torpağın nəmişliyini artıran humus qatı bitkilərin formalaşmasında mühüm rol oynayır, eroziya prosesinin qarşısını alır. Taxıl zəmiləri biçildikdən sonra kövşənliklərə od vurulması qəti qadağandır. İnzibatı Xətalar Məcəlləsinə əsasən, bununla əlaqədar fiziki, hüquqi və vəzifəli şəxslər barəsində tədbirlər görülür. Əkin sahələrinin yandırılmasına görə fiziki şəxslər 600-700, vəzifəli şəxslər 1500-2000, hüquqi şəxslər 5000 manatdan 6000 manatadək cərimələnəcəklər. Kövşənlərin heç bir əsası olmadan yandırılması torpaqların münbitliyinə və bioloji müxtəlifliyə zərər vurmaqla yanaşı, insan həyatına, o cümlədən ətraf ərazilərə ciddi təhlükə törədir. Artıq bu istiqamətdə maarifləndirmə tədbirləri də həyata keçirilir".