Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) büdcə gəlirləri 14 715,2 mln. manat, büdcə xərcləri isə 7 680,4 mln. manat təşkil edib.
Bu ilin yanvar-sentyabr ayları ərzində ARDNF-nin neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 12 074,9 mln. manat, o cümlədən mənfəət neftinin və qazın satışından 11 290,4 mln. manat, bonus ödənişləri 766,4 mln. manat, akrhesabı ödənişləri 4,7 mln. manat, tranzit gəlirləri 13,4 mln. manat təşkil edib.
Hesabat dövrü ərzində Fondun vəsaitinin idarə olunmasından əldə edilən gəlirlər 2 640,3 mln. manata bərabər olub.
Hesabat dövrü ərzində ARDNF-nin 2019-cu il büdcəsinin icrası çərçivəsində 7 536,0 mln. manat vəsait dövlət büdcəsinə transfert edilib. Qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 126,4 mln. manat vəsait ayrılıb. 2019-cu ilin yanvar-sentyabr ayları ərzində ARDNF-nin idarə edilməsi ilə bağlı xərcləri 18,0 mln. manat təşkil edib.
Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı ARDNF-nin büdcədənkənar xərci 219,8 mln. manat təşkil edib.
Bu ilin 30 sentyabr tarixinə Fondun aktivləri 2019-cu ilin əvvəlinə (38 515,2 mln. ABŞ dolları) nisbətən 10,4% artaraq 42 524,4 mln. dollara bərabər olub.
Aktivlərin artımı ARDNF-nin büdcə gəlirləri, o cümlədən vəsaitlərin idarə edilməsindən əldə edilən gəlirlər hesabına olub. Müvafiq dövr ərzində ən yüksək gəlirlilik səhm alt portfelində müşahidə olunmaqla investisiya portfelinin hər bir tərkib aktiv növü üzrə müsbət gəlirlilik qeydə alınıb. Belə ki, səhm alt portfeli üzrə ötən ilki mənfi gəlirliliyə baxmayaraq (-6,6%) 2019-cu ilin 9 ayı ərzində müvafiq göstərici 15,2% təşkil edib.