“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin Dəniz Nəqliyyatı Donanmasına məxsus “Cəfər Cabbarlı” quru yük gəmisi Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda əsaslı təmir olunub.
"Kommersant" QSC-nin yaydığı məlumata istinadən bildirir ki, bir ilə yaxındır aparılan təmir zamanı xeyli iş görülüb. Belə ki, 3850 ton yükgötürmə qabiliyyətinə malik gəminin gövdəsində, göyərtələrində, yük anbarlarında və sair sahələrində korroziyaya uğramış metal təbəqələr dəyişdirilib, bu məqsədlə bütövlükdə 350 ton metal işlədilib. Kayutlar müasir tələblər səviyyəsində təmir olunaraq yeni avadanlıq və mebellə təchiz edilib.
Gəminin baş və köməkçi mühərrikləri, əsas və yardımçı sükan qurğuları, ballast, hava, su, yanğınsöndürmə, yağ və yanacaq sistemləri əsaslı təmir olunub.
Bundan başqa, gəminin bütün maşın və mexanizmlərinə baxış keçirilib, anbarları modernizasiya edilib, ikinci gövdə qatı tikilib.
Həmçinin gəminin bütün elektrik avadanlıqları, o cümlədən elektrik mühərrikləri, generatorları, radionaviqasiya cihazları yoxlanılaraq, zəruri təmir işləri yerinə yetirilib, əksər boru sistemləri dəyişdirilib.
Təmirdən sonra gəmi dəniz sınağından keçirilib. Sınaq uğurla başa çatıb və gəmi istismara qaytarılıb.
Xatırladaq ki, "Cəfər Cabbarlı" quru yük gəmisinin uzunluğu 123.50, eni 15 metr, maksimal sürəti 11.7 uzeldir.