SOCAR ötən il büdcə ödənişləri üzrə proqnozu 47,5 mln. manatlıq kəsirlə icra edib
"Kommersant" bildirir ki, hesabat ili ərzində dövlət mülkiyyətində olan vergi ödəyicilərinin büdcə ödənişlərinin tərkibində Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) payı 2015-ci və 2016-cı illərlə müqayisədə, müvafiq olaraq 8% bəndi və 6,1% artaraq 71,8%-ə yüksəlib.
Bu barədə məlumat Hesablama Palatasının Azərbaycanın 2017-ci il üzrə dövlət büdcəsinin icrasına dair illik hesabata rəyində əks olunub.
Sənəddə qeyd olunub ki, şirkət üzrə 2017-ci il üçün müəyyən edilmiş 1,365 mlrd. manat məbləğində proqnoz 1 mlrd. 317 mln. 519,7 min manat və ya 96,5% səviyyəsində yerinə yetirilib, daxilolmanın həcmi 2015-ci ilə nisbətən 91 mln. 927,1 min manat və ya 6,5% azalsa da, 2016-cı illə müqayisədə 65 mln. 127,1 min manat və ya 5,2% artıb.
2017-ci il ərzində şirkət üzrə dövlət büdcəsinə olan borcların həcmi (ilin əvvəlinə olan 8,2 min manata qarşı ilin sonuna 7,9 min manat) cüzi məbləğ təşkil etməklə dəyişməyib, artıq ödəmə məbləği isə 836,4 min manat artaraq 154 mln. 313,6 min manata yüksəlib. (apa)