Vətəndaş işsizlikdən sığorta haqqı almaq üçün öz ərizəsi əsasında işdən çıxmamalıdır.
Vətəndaş istəyindən və iradəsindən kənar işsiz qalmalıdır.
Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Milli Məclisin iclasında deyib.
O bildirib ki, bu, sığortanın ümumi prinsipidir.
Nazir qeyd edib ki, əgər vətəndaş ixtisara düşür və digər şərtlərlə işdən azad olunursa, o, müvafiq məşğulluq orqanında qeydiyyata durmaqla işsizlikdən sığorta haqqı ala bilər.
"İşsiz qalan şəxsə altı aylıq işsizlikdən sığorta haqqı təyin olunur. Bu rəqəm üç ay da artırıla bilər. Sığorta ödənişinin orta məbləği 300 manatın üzərindədir. Əsas problem ondan ibarətdir ki, bir çox hallarda işdən çıxan şəxs öz ərizəsi ilə işdən ayrılır, yaxud işsiz statusu almaq üçün məşğulluq mərkəzlərində qeydiyyata düşmür.
Bu gün məşğulluq mərkəzlərində cəmi 201 min insan qeydiyyata durub ki, bunun da yalnız 70 mini işsiz şəxs statusundadır. Yerdə qalanı isə iş axtaran şəxs statusundadır".
S.Babayev qeyd edib ki, işsizlikdən sığorta ilə bağlı dəyişikliklər növbəti illərdə parlamentə təqdim ediləcək.