Azərbaycan İqtisadiyyat Nazirliyi Rusiya Federal Gömrük Xidmətinə məktub ünvanlayıb.
"Kommersant.az" xəbər verir ki, bunu Azərbaycan Nar İstehsalçılar və İxracatçılar Assosiasiyasının İdarə Heyətinin sədri Fərhad Qaraşov bildirib.
Onun sözlərinə görə, Rusiya bazarına ixracda müəyyən gömrük problemlərimiz var: "Həmin problemləri İqtisadiyyat Nazirliyi qarşısında qaldırmışıq. Azərbaycan tərəfindən Rusiya sərhədlərinə ixrac edilən nar meyvəsinin əlavə dəyər vergisinə cəlb edilməsi ilə bağlı qiymət artıq yazılır. Bununla bağlı Rusiya Federal Gömrük xidmətinə İqtisadiyyat Nazirliyi məktub ünvanlayıb".
O əlavə edib ki, Rusiya Azərbaycan İşgüzar Şurasına da bununla bağlı müraciət edilib: "Məsələ həll edildiyi halda Rusiya tərəfindən Azərbaycan narına əlavə dəyər vergisinin tətbiqində müəyyən güzəşt yaranacaq. Bu isə fermerlərimizin Rusiya bazarında rəqabətliliyini daha da gücləndirəcək".
Xatırladaq ki, Azərbaycan ötən il 9,3 min ton nar ixrac edib, bundan da 12,3 mln ABŞ dolları həcmində gəlir əldə edilib. 2018-ci ildə ölkədə 155 min ton nar istehsal edilibsə, bu il 10-12%-lik artım gözlənilir. İstehsalda artım isə, öz növbəsində, ixraca təsir edəcək.
Qeyd edək ki, Nar İstehsalçıları və İxracatçıları Assosiasiyası 31 oktyabr 2016-cı il tarixində yaradılıb. Quru subtropik zonada yerləşən Şirvan bölgəsi ən yaxşı nar növlərinin yetişdirilməsi üçün əlverişlidirsə, şirə çeşidlərinin istehsalı zamanı, əsas etibarı ilə, Göyçayda yetişən narlardan istifadə olunur. Ən yaxşı standart növlər "Şəlli mələsi", "Şahnar", "Çəhrayı gülöyşə", "Azərbaycan gülöyşəsi", "Qırmızıqabıq", "Bala Mürsəl", "Nazikqabıq" və "Qırmızı vələs"dir. (Report.Az)