Bir müddət öncə Azərbaycan mətbuatında 179 gündə 234 tenderin qalibi olan "İnpeks.N” MMC haqqında silsilə məqalələr dərc olundu. Dövlət təşkilatlarının tikinti, təmir, abadlıq işlərinin, ehtiyat hissələrinin, avadanlıqların, mebellərin, geyimlərin, dəftərxana ləvazimatlarının, təsərrüfat mallarının, hətta, kondisionerlərin təmir edilməsinin satın alınması üzrə elan etdikləri tender və kotirovka sorğularının əksəriyyətində qalib gələn bu şirkət ətrafında müəmma davam edir.
Təəssüf ki, keçən bu müddət ərzində nə dövlət qurumları, nə də ""İnpeks.N" MMC-nin rəsmiləri mövzuya aydınlıq gətirməyib. Qaynarinfo-nun verdiyi məlumata görə, ölkənin bütün tender sistemini alt-üst edən, şübhə altına alan bu naməlum şirkət haqqında bütün aidiyyatı qurumlar ciddi-cəhdlə susurlar.
BU ŞİRKƏT KİMİNDİR?
Şirkətin qanuni təmsilçisi Ramazanov İntiqam Adil oğlunun adı açıq mənbələrdə yalnız bir yerdə keçir: Bakı Apellyasiya Məhkəməsinin 22 iyul 2014 -cü ildə hakim Əsədov Mehti Fəyyaz oğlunun sədrliyi ilə baxılan prosesdə.
2(103)-4561/2014 saylı işdə iddiaçı Novruzov Altay Məmməd oğlu cavabdehlər Ramazanov İntiqam Adil oğlu və İsgəndərov Sədrəddin Ziya oğlundan vurulmuş maddi və mənəvi ziyanın ödənilməsini tələb edib. İşə baxan Bakı Apellyasiya Məhkəməsi Nizami rayon Məhkəməsinin iş üzrə qərardadını ləğv edərək işi mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə qaytarıb.
Bu məlumatdan başqa nə "İNPEKS.N" MMC, nə də şirkətin qanuni təmsilçisi Ramazanov İntiqam Adil oğlu ilə bağlı heç bir rəsmi mənbədə açıq məlumat yoxdur. Şəxsi mənbələrdən şirkətin qanuni təmsilçisi Ramazanov İntiqam Adil oğlunun telefon nömrəsini əldə etsək də, çoxsaylı cəhdlərimizə baxmayaraq, nə zənglərimizə, nə yazdığımız mesajlara cavab verən olmadı.
Yuxarıda xatırlatdığımız məhkəmə sənədlərində şirkətin yerləşdiyi hüquqi ünvan Bakı şəhəri, Nizami rayonu, Tofiq Abbasov küçəsi ev 13 qeyd olunub.
Həmin ünvanı tapmaq elə də çətin olmadı. Amma "İNPEKS.N" MMC-nin yerləşdiyi mənzil 34-ü bir qədər axtarmalı olduq. Binanın həyətində görüşdüyümüz mənzil 34-ün yerləşdiyi blokda yaşayan sakinlər nə "İNPEKS.N" MMC-ni, nə də şirkətin qanuni təmsilçisi Ramazanov İntiqam Adil oğlunu tanıdıqlarını bildirdilər. Bundan sonra yollandıq binanın 5-ci mərtəbəsində yerləşən mənzilə. Qapını üzümüzə açmasa da, adını açıqlamasa da, qapı arxasından suallarımıza cavab verən xanım bildirdi ki, 10 ildən artıqdır bu mənzildə yaşayırlar. Amma bu mənzildə heç vaxt "İNPEKS.N" MMC adlı şirkət olmayıb: "Əvvəllər həmin şirkətin adına gələn məktublar bizi bezdirirdi. Biz də gələn məktubları almaqdan imtina edib elə poçtalyonla geri qaytardıq. Son zamanlar gələn məktublar azalıb. Həyat yoldaşım da, gedib yoxlatdırıb, bu mənzildə elə bir şirkət olmayıb. Nə də biz Ramazanov İntiqam Adil oğlu adlı adam tanımırıq".
Xanımın həyat yoldaşı ilə danışmaq istəsək də, onun telefon nömrəsini verməkdən imtina etdi. Əvəzində bizdən telefon nömrəsi götürdü ki, həyat yoldaşı evə gələndə bizi arayacaq. Biz də telefon nömrəsini bir kağıza yazıb, qapı arxasında buraxaraq oranı tərk etdik. Amma həmin zəng bu günədək gəlməyib.
Sonradan apardığımız araşdırma nəticəsində məlum oldu ki, o mənzildə Dilarə Bədəlova adlı xanım qeydiyyatdadır. Həmin xanım bizim kimi elə Mənzil İstismar Sahəsinin işçilərinə də qapı axasından cavab verir. Özü isə neçə illərdir mənzil üçün ərazi Mənzil İstismar Sahəsinə pul ödəmir.
234 TENDER, 73 MİLYON MANAT
Bir daha xatırladaq ki, "Dövlət satınalmalarının vahid elektron portalı"nda yer alan məlumatlara görə, "İnpeks.N" şirkəti 28.03.2019 – 24.10.2019 dövründə (179 gündə) malların (işlərin və xidmətlərin) satınalınması üzrə 234 müsabiqənin qalibi olub. Şirkət bağladığı müqavilələr üzrə 73 milyon 320 milyon manat gəlir əldə edib.
Qeyd edək ki, 01.01.2019 – 27.03.2019 dövründə dövlət təşkilatları və "İnpeks.N" arasında müqavilələrin bağlanıb bağlanmadığı haqqında "Dövlət satınalmalarının vahid elektron portalı"nda məlumat yerləşdirilməyib.
ƏN BÖYÜK SİFARİŞLƏRİ BAKI ŞƏHƏR İCRA HAKİMİYYƏTİNDƏN ALIR
"İnpeks.N" şirkəti 2019-cu ildə ən böyük müqaviləni Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyindəki "Bakı Şəhər Əsaslı Tikinti və Təmir" MMC ilə bağlayıb. Bakı şəhər ərzazisində səkilərdə, həyətlərdə, park və bağlarda təmir, yenidənqurma və abadlıq işlərinin satınalıınmasını nəzərdə tutan həmin müqavilənin məbləği 16 milyon 19 min manatdır. Həmçinin, MMC "İnpeks.N" ilə Bakı Şəhər ərazisində tikinti və təmir işlərinin aparılmasının satınalınması üzrə 2 milyon 575 min manatlıq müqavilə imzalayıb.
Cari ilin Oktyabr ayının ötən dövründə Bakı Şəhər İcra Hakimiyətinin tabeliyində olan Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq evləri İdarəsi "İnpeks.N" şirkətilə 15 milyon 713 milyon manat məbləğində 10 müqavilə bağlayıb. Müqavilələrə əsasən, İdarənin tabeliyində olan körpələr evi-uşaq bağçaları, uşaq bağçaları və uşaq evlərində cari təmir işləri görüləcək, avadanlıq və yumşaq inventarları alınacaq.
"İnpeks.N" şirkəti Bakı Şəhər Mənzil Kommunal Təsərrüfat Departamentinin (Rayon Mənzil-Kommunal Təsərrüfatı Birlikləri üçün) çoxsaylı tenderlərinin qalibidir.
"İnpeks.N" şirkəti Mədəniyyət Nazirliyinin elan tenderlərin də qalibi olub. Azərbaycan Respublikası Mədəniyyət nazirliyinin əsaslı təmir işlərini 3 milyon 907 min manata "İnpeks.N" şirkəti həyata keçirib.
Mədəniyyət Nazirliyi, ona tabe olan idarələr və kitabxanalar tez-tez "İnpeks.N" şirkətindən maşın və avadanlıqlar, dəftərxana və təsərrüfat malları alır.
Mədəniyyət Nazirliyinə yaxın olan Bakı Xoreoqrafiya Akademiyasının əsaslı təmir işləri üzrə tenderinin də qalibi "İnpeks.N" şirkəti olub və 1 milyon 252 min manatlıq müqavilə bağlayıb.
"İnpeks.N" şirkəti rayon icra hakimiyyətlərinin və mərkəzi xəstəxanalarının elan etdikləri tender və kotirovka sorğularında da tez-tez qalib elan edilir.
BU ŞİRKƏT NƏ İSTƏSƏN ONU TƏŞKİL EDƏ BİLİR
"Dövlət satınalmaları haqqında" qanuna görə, keyfiyyət tələblərinə cavab verən, ən aşağı qiyməti olan və ən sərfəli sayılan təklif qalib gəlmiş sayılır.
Qalib olduğu lotların sayına və adlarına baxdıqda "İnpeks.N" şirkətinin çox bacarıqlı olduğu təəssüratı yaranır. Şirkətin asfalt örtüyünün təmiri işlərindən tutmuş dəftərxana ləvazimatları işlərindək olan sifarişləri ən aşağı qiymətlər ilə həyata keçirməsi maraq doğurur.
Ehtimal ki, "İnpeks.N" şirkəti vasitəçilik də edir, qalib olduğu tenderləri digər şirkətlərdən aldığı mal və xidmətlər ilə təhvil verir.
Dövlət müəssisə və təşkilatları tərəfindən "İnpeks.N" şirkətinin 179 gündə 234 dəfə qalib elan edilməsi vəziyyəti, Azərbaycanın dövlət büdcəsi vəsaitlərinin vəsaitlərinin səmərəli və qənaətlə istifadə olunması, dövlət satınalmaları sahəsində şəffaflığın və rəqabətliliyin daha da artırılması məqsədləri baxımından müzakirə edilə bilər. İstəsələr müvafiq təşkilatlar yoxlamalar da apara bilərlər.