Dövlət Gömrük Komitəsinin Avtonəqliyyat Baş Gömrük İdarəsi və idarənin əməkdaşları haqqında bir sıra kütləvi informasiya vasitələrində həqiqətə uyğun olmayan məlumatlar yayımlanır.
Dövlət Gömrük KomitəsiMətbuat Xidmətindən "Kommersant"a verilən məlumata görə, yayımlanan məlumatlarda idarədə vətəndaşların və sahibkarların müraciətlərinə səhlənkar yanaşıldığı, gömrük rəsmiləşdirilməsi prosesində subyektiv amillərə yol verilərək qanunvericilikdə nəzərdə tutulandan artıq vəsait tələb olunduğu iddia edilir.
"Dövlət Gömrük Komitəsi bildirir ki, istər Avtonəqliyyat Baş Gömrük İdarəsi, istərsə də komitənin strukturuna daxil olan digər gömrük orqanlarına müraciət edən şəxslər rütbəsindən və vəzifəsindən asılı olmayaraq aidiyyəti üzrə istənilən gömrük əməkdaşı ilə görüşə, təklif və şikayətini bildirə bilər", - deyə məlumatda vurğulanıb.
Nəzərdə tutulandan fərqli üsullarla və fərqli miqdarda gömrük vergi və rüsumlarının alınmasına gəlincə isə komitədən bildirilib ki, əsassız, hər hansı fakta söykənməyən bu məlumatlar böhtan xarakteri daşıyır.
"Dövlət Gömrük Komitəsi kütləvi informasiya vasitələri nümayəndələrini komitənin fəaliyyəti ilə bağlı məlumatları qarşı tərəfin də mövqeyini öyrənməklə yaymağın həm cəmiyyəti doğru, düzgün informasiya ilə təmin etmək, həm də strateji dövlət qurumunun işgüzar nüfuzuna xələl gətirməmək baxımından faydalı olacağı qənaətindədir", - deyə məlumatda vurğulanıb.