Əbu-Dabi Mədəniyyət və Turizm Departamentinin son statistik məlumatlarına görə, Rusiyadan və MDB-nin əksər ölkələrindən gələn turistlərin sayında müsbət dinamika müşahidə olunur.
"Kommersant.az" xəbər verir ki, xüsusən Azərbaycanın turizm bazarı 2019-cu ilin yanvar-oktyabr aylarında Əbu-Dabiyə turist göndərilməsini ötən illə müqayisədə ( 2.165 nəfər, +41 faiz) artırıb.
Hesabat dövründə Əbu-Dabiyə səyahət edən qazaxıstanlı turistlərin sayı ötən illə müqayisədə 13.217 nəfər artıb. Onların Əmirliklərdə keçirdikləri gecələrin sayı isə 2,5 faiz çoxalıb. Ukrayna turist bazarında bu göstəricilər üzrə artım az olsa da, stabildir: turistlərin sayı 12.818 nəfərdən 15.007 nəfərə çatıb.
Qeyd etmək lazımdır ki, MDB-dən gedən turistlər Əbu-Dabidə daha çox qalırlar. Məsələn, rusiyalı və qazaxıstanlı turistlər bu şəhərdə 5 gecə, ukraynalı və azərbaycanlılar isə 4 gecə keçirirlər.
Bütün MDB məkanının turizm bazarı üçün ilin sonunadək olan proqnozlar da müsbətdir: 140 min turistin gəlməsi (ötən illə müqayisədə 35 faiz çox) hədəfi tamamilə realdır.
Statistik məlumatlara əsasən demək olar ki, Əbu-Dabi turizm istiqamətinə maraq durmadan artır. Bunu təşviq etmək üçün həm turistlərin, həm də turizm sənayesi peşəkarlarının tələbatını artıran çoxsaylı layihələr və tədbirlər həyata keçirilir.