Paytaxtın artan “göydələnləri” nə qədər güvənlidir?
0
0
Son illər paytaxtda 15-20-25 və daha artıq mərtəbədən ibarət olan göydələnlər tikilir. Bəs bu tikililər tikilərkən, şəhərin geoloji quruluşu, küləklər şəhəri olması və seysmik cəhətdən fəal zonada yerləşməsi və digər amillər nəzərə alınırmır?
"Kommersant.az" xəbər verir ki, mövzu ilə bağlı ARB TV-nin "Günə Doğru" proqramında geniş süjet yayımlanıb.
Hər bir bina tikiləndə əsas 3 amil nəzərə alınmalıdır. 1-ci, binanın dayanıqlılığı, 2-ci onun daşıdığı funksiya və nəhayət 3-cü amil isə binanın estetik görünüşüdür. Amma son illərdə tikilən bəzi binalarda sonuncu amilin, yəni estetik görünüşünün əsas götürüldüyünün, vacib amillərin isə arxa plana keçməsinin şahidi oluruq.
Məhərrəm Həsənov – Coğrafiya İnstitutunun Direktor Müavini: "Şəhərsalma, arxitektura məsələlərində coğrafi xüsusiyyətlər, iqlim xüsusiyyətləri nəzərə alınmalıdır. Təkcə Bakı yox, Azərbayan özü seysmik cəhətdən fəal olan ərazidə yerləşir. Bu nəzərə alınmalıdır. Həmçinin landşaft xüsusiyətləri də nəzərə alınmalıdır".
Göydələnlərin böyük şəhərlərin əsas atributuna çevrildiyini deyən ekspertlərin sözlərinə görə, hər bir binanın konstruksiyası nəzəri cəhətdən zəlzələyə və digər təbiət hadisələrinə davamlı olmalıdır.
Aslan Xəlilov – Memar: "Göydələnlərin ilk materialı kərpic və palçıqdan olub. Müasir dövrdə isə dəmir beton konstruksiyalardan istifadə olunur. O tikili konstruksiya elə qurulmalıdır ki, küləyin səmtinə əks istiqamətdə olsun. Və onun yerləşdiyi ərazidə sürüşmə meyarlarına da baxmaq lazımdır".
Hər bir binanın inşasına başlamadan öncə müvafiq qurumlar araşdırma aparır, torpağın möhkəmliyi, ərazinin seysmikliyi yoxlandıqdan sonra tikintiyə icazə verilir.
Eyvaz Ağakişiyev – Mühəndis: "Seysmikliyə görə, hansı hündürlükdə bina tikmək mümkün olduğuna icazə verirlər. 16 mərtəbəyə icazə veriblər, biz də tikirik. Küləkli şəhərdir. Küləyi və qar yükünü də nəzərə alırlar".
Göydələnlərin hündürlüyü onun tikildiyi ərazidən də asılıdır. Məsələn, şəhərin nisbətən çökək, küləksiz yerində tikilən binanın hündürlüyü ilə şəhərin nisbətən hündür küləkli yerində tikilən binanın hündürlüyü eyni ola bilməz.
Aslan Xəlilov – Memar: "Çökək yerdə daha hündür, yüksək yerdə daha az mərtəbəli binalar olsa daha məqsədəuygun olar".
Qeyd edək ki, Bakıda ən hündür bina tikilməkdə olan "Baku Tower" hesab edilir. 276 m hündürlüyü, 52 mərtəbəsi olan tikili eyni zamanda Qafqazda ən hündür bina hesab olunacaq. Tikintisi artıq başa çatmış "Socar Tower"in 209 metr hündürlüyü, 42 mərtəbəsi var. 33 mərtəbəlik "Alov Qüllələri" isə 182 metr hündürlüyündədir.
Digər xəbərlər
20.12.2024
İqtisadiyyat
AMB hüquqi şəxslərin depozitlərinin 1 ayda 1.8 mlrd. manatdan çox azalmasının səbəbini açıqlayıb
0
0