Tərtər rayon Mərkəzi Xəstəxanasının baş həkimin müavini Mətanət Tofiq qızı Hüseynzadə vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyi üçün vəzifəsindən azad edilib.
"Kommersant.az" xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən baku.ws-ə bildirilib.
Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Tərtər Rayon Mərkəzi Xəstəxanasının baş həkimin təşkilati-metodik işlər üzrə müavini Mətanət Tofiq qızı Hüseynzadənin "qeyri-etik davranışı ilə qeyri-maddi üstünlük müqabilində vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyinə görə" tutduğu vəzifəyə uyğunluğunun yoxlanılması və intizam məsuliyyətinə cəlb olunması barədə təqdimat göndərilib.
Təqdimat Səhiyyə Nazirliyində, o cümlədən Tərtər rayon Mərkəzi Xəstəxanasının Tibbi Şurasında müzakirə edilib. Həqiqətən də Mətanət Hüseynzadə tərəfindən tutduğu vəzifə ilə bir araya sığmayan hərəkətlərə yol verərək tibb işçilərinin etik davranış qaydalarının kobud şəkildə pozduğu müəyyən edilib.
Bunlardan əvvəl də Hüseynzadə barəsində tədbir görülüb.
Belə ki, bu ilin avqust ayında Tərtər rayon polis şöbəsindən daxil olmuş təqdimat əsasında etik davranış qaydalarını pozduğuna görə ona töhmət verilib.
Amma Hüseynzadə bundan nəticə çıxarmayıb, tutduğu vəzifədən sui-istifadə edərək təkrar nöqsanlara, qanun pozuntularına yol verib.