USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Vahid Çağrı Mərkəzi –“155” yaradıldı

05.06.2018 İqtisadiyyat
0 0
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyindəki qurumlarda fəaliyyət göstərən müxtəlif çağrı mərkəzləri birləşdirilib. Yüksək keyfiyyətli müştəri xidmətlərinin göstərilməsi, vətəndaşların daha rahat müraciəti, tam düzgün və ətraflı məlumat ala bilməsi üçün Vahid Çağrı Mərkəzi –“155” yaradılıb.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İctimaiyyətlə Əlaqələr Sektorundan "Kommersant"a verilən məlumata görə, "155" saylı Çağrı Mərkəzinə "Aztelekom" MMC, "Bakı Telefon Rabitəsi" MMC (Baktelekom), "Azərpoçt" MMC, Məlumat Hesablama Mərkəzi, "AzEeuroTel", "Azdatacom", "Az.net", "Bakinternet" kimi qurum və provayderlərin xidmətləri ilə bağlı müraciət etmək olar.

Vahid çağrı mərkəzlərinin yaradılmasında məqsəd xidmət keyfiyyətinin səviyyəsinin və müştəri məmnuniyyətinin yüksəldilməsi, qurumların resurslarından daha səmərəli istifadə, müştərilər üçün daha uyğun xidmətlərin hazırlanması, istək və müraciətlərin operativ həlli, müvafiq məlumat bazalarının optimallaşması və mütəmadi yenilənməsidir.

Çağrı mərkəzinin fəaliyyətinə müraciətlərin anında qeydiyyatı və operativ həlli, eləcə də, elektron poçt, veb-çat vasitəsi ilə cavablandırılması, elektron məktubların göndərilməsi, sorğu və anketlərin keçirilməsi, telefonla satış, sosial şəbəkələr vasitəsi ilə vətəndaşlarla əlaqə yaradılması kimi xidmətlər daxildir.

Bundan başqa, interaktiv səsli cavablama vasitəsilə operatoru gözləmədən müxtəlif servislərin aktiv edilməsi, korporativ və ya xüsusi müştərilərə premium xidmətlərin göstərilməsi imkanları da mövcuddur.

Vətəndaşlara həftənin 7 günü, 24 saat olmaqla Azərbaycan, rus və ingilis dillərində çoxşaxəli xidmət göstərilir. Çağrı Mərkəzində hazırda 60 operator çalışır və 2018-ci ilin sonunadək onların sayının 100-dək artırılması planlaşdırılır.

Operatorlar tərəfindən ay ərzində 100 000-dək sorğu cavablandırılır.

Qeyd edək ki, sonrakı mərhələdə xidmət spektri artırılaraq əhaliyə telefon və portal vasitəsilə onlayn müxtəlif gündəlik xidmətlərin (məsələn, qida sifarişi, taksi xidməti, restoranlar, teatrlar, idman müsabiqələri haqqında məlumatların verilməsi, bilet sifarişi, çeşidli konsyerj xidmətləri və s.) göstərilməsi nəzərdə tutulub.