USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Hakim Solmaz Mustafayeva qərəzli, yoxsa təcrübəsizdir?

14.01.2020 İqtisadiyyat
0 0
Nəsimi Rayon Məhkəməsində taekvondoçu Fəridə Əzizova və tanışı Aysel İsgəndərovanın Open.az saytı və jurnalistlərinə qarşı qaldırdığı iddia üzrə məhkəmə iclası keçirilib.

"Report"un xəbərinə görə, hakim Solmaz Mustafayevanın sədrliyi ilə keçirilən proses ötən gün saat 17:45-də başlayıb.

İclasda müdafiə tərəfin vəkili Kamandar Nəsibov məhkəmə-psixoloji ekspertizasının təyin olunması barədə vəsatət verib.

Vəsatətdə Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertləri qarşısında aşağıdakı sualların qoyulması xahiş edilib:

1. Əzizova Fəridə Şıxməmməd qızı və İsgəndərova Aysel Cümşüd qızının psixoloji emosional vəziyyətləri necədir?

2. Əzizova Fəridə Şıxməmməd qızı və İsgəndərova Aysel Cümşüd qızının psixi yaşları və fərdi-psixi xüsusiyyətləri, intelektual inkişafı və emosional halları nəzərə alınmaqla onların eyni cinslərə qarşı münasibətləri necədir?

3. Əzizova Fəridə Şıxməmməd qızı və İsgəndərova Aysel Cümşüd qızı eynicinsli hesab oluna bilərmi?"

Daha sonra vəsatət müzakirəyə çıxarılıb. Bu zaman vəkil K.Nəsibov söyləyib ki, hazırda saat 18:00 olduğu üçün iş vaxtı başa çatıb, məhkəmə iclası davam etdirilə bilməz: "Mən buna etiriaz edirəm. Çünki hazırda iş vaxtı başa çatdı. Proses növbəti günə təyin olunmalıdır".

Hakim isə vəkilin etirazına baxmayaraq, prosesin davam etdirilməsinə qərar verib.

Bundan sonra qarşı tərəfin vəkili Yaqub Məmmədli cavabdeh tərəfin qaldırdığı məhkəmə-psixoloji ekspertizası ilə bağlı vəsatətə etiraz edib. O, vəsatətin əsassız olduğunu, təmin olunmamasını istəyib.

Open.az saytı və jurnalistlərin nümayəndəsi isə bunun vacib olduğunu bildirib və vəsatəti əsaslandırıb: "Vəsatətdə qoyulan sualların bu məsələyə birbaşa aiddiyyatı var. Çox xahiş edirəm ki, vəsatət təmin olunsun".

Buna baxmayaraq, hakim vəsatətin təmin olunmaması ilə bağlı qərar çıxarıb.

Taekvondoçu Fəridə Əzizova (sağda) və tanışı Aysel İsgəndərova (solda)

Prosesdə idmançı və tanışının vəkili işlə bağlı çıxış edib. O, işin halları ilə bağlı qeyd edərkən iddianın təmin olunmasını istəyib.

Məhkəmədə söz alan vəkil K.Nəsibov iddianın əsassız olduğunu, bununla bağlı mətbuatda təkzib verildiyini deyib: "Bu işdə Open.az saytının heç bir günahı yoxdur. Buna görə də iddia təmin edilməməlidir".

Bundan sonra hakim məhkəmənin müşavirə otağına yollandığını deyib. Lakin vəkil K.Nəsibov buna etirazını bildirib. O qeyd edib ki, indiyə qədər hakim məhkəmə araşdırmasının yekunlaşdırıldığı barədə qərar elan etməyib: "Buna görə də bunlar çıxış sayılmır. Mən buna etiraz edirəm. Çünki mən hələ çıxış etməmişəm. Hazırda məhkəmədə danışdıqlarım tərəflərin izahatları idi. Məhkəmənin müşavirəyə getməsi üçün gərək məhkəmə araşdırılmasının başa çatması elan edilsin və tərəflərə çıxış üçün söz verilsin. Əvvəl məhkəmə araşdırılması başa çatmalıdır, tərəflər çıxış etməlidir və daha sonra hakim müşavirəyə yollanmalıdır".

Bundan sonra hakim geri qayıdaraq tərəflərə çıxış üçün söz verdiyini deyib. K.Nəsibov isə öz növbəsində artıq buna lüzum olmadığını, məhkəmənin gedişatında hakimin davranışından sonda hansı qərarın qəbul ediləcəyini güman etməyə əsas verdiyini bildirib.

Sonra hakim müşavirə otağına yollanıb.

Daha sonra hakim Solmaz Mustafayeva qərarı elan edib. Məhkəmə idmançı və tanışının xeyirinə 3 min manat maddi təzminatın təmin olunması, 200 manat ekspertiza xərcləri və 30 manat isə dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə çıxarıb.

Onu da əlavə edək ki, məhkəmə qərarı elan edən zaman iş vaxtı başa çatmışdı, yəni saat 18:40 radələri idi.

Qeyd edək ki, taekvondoçu F.Əzizova və A.İsgəndərova Open.az və jurnalistlərinə qarşı iddia qaldırıb. Onlar iddialarında şərəf və ləyaqətin, işgüzar nüfuzun müdafiəsi, şərəf və ləyaqəti, işgüzar nüfuzu ləkələyən məlumatların təkzib edilməsi və digər tələblər irəli sürüblər.

Maraqlıdır, hakim Solmaz Mustafayevanın bu qədər əsaslandırılmış qeydlərə etinasız yanaşması, məhkəmə iclasını tələsik yekunlaşdırması nə ilə bağlı olub - ya qərarı əvvəlcədən yəqin etməsi, ya da iş gününü tez başa çatdırması ilə?...

Onu da bildirək ki, 40 yaşlı Solmaz Mustafayeva Nəsimi Rayon Məhkəməsinin hakimi vəzifəsinə 2018-ci ilin dekabr ayında təyin edilib. Yəni onun hakimlik təcrübəsi 1 ildir. Ondan əvvəl isə Ədliyyə Nazirliyində çalışıb.

  • Əvvəlki

    Deputatlığa ən qocaman namizədlər: 82 yaş... - SİYAHI

Digər xəbərlər