Yeni xəstəxana istifadəyə verildi
Dövlətimizin başçısı xəstəxana binasının rəmzi açılışını bildirən lenti kəsib.
Səhiyyə naziri Oqtay Şirəliyev dövlətimizin başçısına bu tibb müəssisəsində yaradılan şərait barədə məlumat verib.
Bildirilib ki, 60 çarpayılıq Naftalan Şəhər Mərkəzi Xəstəxanasının inşasına 2015-ci ildə başlanılıb və 2018-ci ilin mayında tikinti işləri başa çatdırılıb. Şəhər Mərkəzi Xəstəxanasının tikintisi Prezident İlham Əliyevin 2013-cü və 2018-ci illərdə imzaladığı sərəncamlara əsasən aparılıb. Xəstəxana 1,2 hektar ərazidə yerləşir. Tikintinin ümumi sahəsi 8 min kvadratmetrdən çoxdur. Xəstəxanada cərrahiyyə, doğum bloku, doğumdan sonrakı fizioloji və hamiləliyin patologiyası şöbələri yaradılıb. Bu müəssisənin laboratoriya şöbəsi ən müasir avadanlıqla təchiz olunub. Bu da laborator müayinələri yüksək keyfiyyət, dəqiqlik və qısa müddətə aparmağa imkan verir. Burada, eyni zamanda, şüa diaqnostika, qəbul, inzibati, poliklinika, reanimasiya, intensiv terapiya şöbələri fəaliyyət göstərəcək. Əməliyyat bloku da müasir tibbi avadanlıqla təmin edilib. Xəstəxananın bütün şöbələrində ən müasir tibb avadanlıqları quraşdırılıb.
Naftalan Şəhər Mərkəzi Xəstəxanası kimi müasir tibb müəssisəsinin istifadəyə verilməsi yalnız şəhər sakinlərinə deyil, eyni zamanda, regionun sakinlərinə hərtərəfli tibbi xidmət göstərməyə imkan verəcək. Bu cür layihələrin icrası zamanı səhiyyə müəssisələrinin dünyanın aparıcı şirkətlərinin müasir tibbi avadanlığı ilə təchiz edilməsi isə xüsusilə vacibdir. Xəstəxanada əsas korpus, keçid məntəqəsi, transformator yarımstansiyası, qazanxana və nasosxana binaları, oksigen stansiyası, dizel generator meydançası və stansiyası yaradılıb.
Xəstəxana binası ilə tanıqlıqdan sonra Prezident İlham Əliyev şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşdü.